Tennis üzrə “Rolan Qarros” turnirində kişilərin yarışında son ¼ finalçılar müəyyənləşib.

4 qarşılaşmanın hər birində gərgin mübarizə olub. Çempionatın son qalibi , dünya reytinqinin 1 nömrəsi Novak Cokoviç çətinliklə də olsa, argentinalı Fransisko Serundoloya qalib gəlib. İlk seti qazanan Novak sonrakı iki setdə məğlub olub. 4-cü setdə də argentinalı qələbəyə yaxın olub. Lakin Cokoviç dönüş edərək qalib gəlməyi bacarıb – 6:1, 5:7, 3:6, 7:5, 6:3.

Reytinqin 5 nömrəsi Daniil Medvedev Aleks di Minora məğlub olub. İlk setdə rusiyalı qalib gəlsə də, sonrakı 3 set avstraliyalının xeyrinə başa çatıb – 4:6, 6:2, 6:3, 6:1.

Norveçli Kasper Ruud ABŞ-dən olan Teylor Fritsi məğlubiyyətə uğradıb. Bu oyun 4 setdə başa çatıb. Aleksandr Zverev isə ¼ finala çıxmaq üçün 5 set əziyyət çəkməli olub. Holger Rune ilə qarşılaşmada almaniyalı tennisçi məğlubiyyətin bir addımlığında olmasına baxmayaraq, büdrəməyib və qalib gəlib – 4:6, 6:1, 5:7, 7:6, 6:2.

¼ final oyunlarına bu gün start veriləcək. İlk olaraq Sinnerlə Dimitrov korta çıxacaqlar. Axşam seansında isə Alkarasla Tsitsipas üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp