“Kəpəz”in baş məşqçisi Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi

– 2023/24 mövsümünü “Kəpəz” üçün necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, başa çatan mövsüm “Kəpəz” üçün uğursuz oldu. Çünki “Kəpəz“ zirvədə olacaq komandadır. Amma bugünkü durumumuzu nəzərə alaraq, təəssüf hissi ilə çıxışımızı uğurlu sayıram. Sonda “Qarabağ“ “Araz-Naxçıvan”la bərabərə qalmasaydı, komanda çempionatı 8-ci yerdə tamamlayacaqdı. Heç vaxt xoşlamamışam ki, komandanın taleyi rəqibinin nəticəsindən asılı olsun. Çox  təəssüf ki, sonda turnir cədvəlindəki yerimiz bizdən asılı olmadı.

– Siz komandanın baş məşqçi postuna keçəndən sonra “Kəpəz”in oyununda müsbətə doğru dəyişiklik baş verdi. Nəticədə komandanı Premyer Liqada saxlaya bildiniz. Gedişatı necə, nəyin hesabına dəyişdiniz?

– Komandanı qəbul etdikdən sonra ilk işimiz komanda ətrafında baş verən bütün məsələləri müsbətə doğru çevirmək oldu. Bunun üçün “Kəpəz”də çalışan və çalışmayan futbol veteranları ilə danışdıq. Azarkeşlərimizlə görüşdük. Komandada çalışan hər kəsi səfərbər etdik ki, psixoloji durumu yaxşılaşdıraq. Bu da öz bəhrəsini verdi. Buna  görə hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Biz bunu birlikdə bacardıq.

– “Kəpəz”in bir neçə futbolçusunun adı digər klublarla birgə hallanır. Sizcə, heyətin özəyini saxlamaq mümkün olacaq? Mümkün olmasa, gedənlərin yerini doldurarkən çətinlik yaşamayacaqsınız?

– Bizi sevindirir ki, bu futbolçuları yenidən Azərbaycan futboluna qazandırdıq. Digər tərəfdən isə təəssüflənirik ki, bu futbolçular başqa klublarda oynayacaqlar. Amma bu, həyatdır və futbolçu karyerası çox qısadır. Bütün oyunçularımıza çox-çox təşəkkür edirik və gələcək karyeralarında bol-bol uğurlar arzulayırıq. Onlar həyatda ən yaxşısına layiqdirlər. Gedən oyunçu deyəndə ki, futbolçuların 90 faizinin müqavilə müddəti bitib və biz bu gün yeni komanda formalaşdırmağa çalışırıq.

– Yay transfer dövründə əsas hansı mövqelərə oyunçu gətirməyi düşünürsünüz?

– Konkret bir mövqe deməzdim. Bütün mövqelərə oyunçu axtarırıq.

– Növbəti mövsümdə daha iddialı, yuxarı pillələr uğrunda mübarizə aparacaq “Kəpəz” görə bilərik? Yoxsa komandaya sponsor tapılmayana qədər bu, mümkünsüzdür?

– Daha iddialı komanda olmaq üçün öz futbolçularımızı saxlamalı və bir neçə yeni oyunçu ilə güclənməliyik. Lakin bunu etmək üçün maliyyə durumu düzəlməlidir. Çox təəssüf ki, ölkənin ikinci şəhərinin komandasına hələ də bu maliyyə dəstəyi yoxdur.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp