– “Neftçi” uduzdu?

– “Neftçi”nin udan günü var ki?”

Məşhur filmdəki bu zarafat gündəm olursa…

“Neftçi” eksperimentlər meydanına çevrilirsə;

Məşqçi kimi hələ yetişməyən Mutu gəlir, sonra göndərilir, yerinə ciddi nailiyyətləri olmayan Bojoviç təyinat alırsa, sonra o da yola salınırsa;

İlə yüzminlərlə pul qazanan legionerlər bir işə yaramırsa;

Necə deyərlər, “Əli” gedib, “Vəli” gəlirsə, nəticə dəyişmirsə…

Komanda, məsələn, ardıcıl iki oyunda qalib gəlib, üçüncü qələbəni gətirə bilmirsə;

Oyunçularının ortalama yaşı 28-dən yuxarı olan “Neftçi” çempionatın ən yaşlı komandasıdırsa…

Futbolçulardan heç biri mövsüm ərzində “10 qol” həddini keçməyi bacarmırsa;

“Neftçi”nin öz oyunçuları bir ildir “Sabah”a qol vura bilmirsə;

Elə Emin Mahmudov da əvvəlki deyilsə…

“Əgər “Qarabağ” Azərbaycan çempionatında oynamasa idi” ehtimalına baxılarsa;

9 komandalı yarışda çempion 32 oyundan 56 xal toplayan “Neftçi” olarsa…

Amma üç il və 14 oyundur “Qarabağ”a qalib gəlmək mümkün deyilsə;

0:5 və 0:4 kimi hesablar gözoxşamırsa;

Üstəlik, tarixində 30 dəfədən çox uduzduğu yeganə komanda “Qarabağ”dırsa;

Əsas rəqibin uğurları öyrənilib nəticə çıxarılmırsa…

Son 7 mövsümün ən uğursuz nəticəsinə imza atılırsa;

Komanda oyunçularının dəyərinə görə 2-ci, oyununa görə isə 5-ci olursa;

2018-ci ildən bəri ilk dəfə avrokuboklardan kənar qalırsa…

Azarkeşlər incik salınırsa;

Problemlərin kökü araşdırılmırsa;

Klubların yaranması kimi 2005, 2010, 2014, 2016 və 2017-ci illərin göstərildiyi bir dövrdə zəngin keçmişə malik “Neftçi”nin dəyəri bilinmirsə…

Ümumiyyətlə, son 11 ildə çempion titulu cəmi bir dəfə qazanılırsa;

Amma klubun fəaliyyətində ciddi heç nə dəyişmirsə;

Həyat da heç nə olmamış kimi, öz axarında davam edirsə…

Ay, “Neftçi”!

Düşdün uğursuz əllərə,

Nəhs aylara, nəhs illərə…

Klubun xilası futboldan uzaq şəxslərə tapşırılırsa;

Məşhur “Sonda hər şey yaxşı olacaq, əgər hələ yaxşı deyilsə, deməli, son deyil” kəlamından “yaxşı olacağ”ı şüar kimi götürüb öz sonlarını gətirirlərsə…

Deməli, son mövsümə görə də sizə yenə, bir daha, təkrarən “Опять двойка”!

RASİM MÖVSÜMZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp