“Səbail” iki legioneri ilə vidalaşmaq ərəfəsindədir. Adil Nağıyev və Ağabala Ramazanovla vidalaşıb Fərid Nəbiyevi heyətinə qatan “dənizçilər”, iki yerli futbolçu ilə müqavilə müddətini uzadıb.

Lakin əcnəbilərlə bağlı vəziyyət yaxşı deyil. Klub rəhbərliyinin büdcəni azaltması üzündən legionerlər yeni klub axtarışına çıxıb. Maaş artımı gözləyən, lakin son mövsümdəki qədər də məvacib ala bilməyəcəyini görən Aleksandr Ramalinqom və Pedro Nuno ayrılmaq qərarı verib.

Ötən yay Fransa “Sedan”ından azad agent kimi gələn Ramalinqom Azərbaycanda klub dəyişəcək. Maqadaskar millisinin 31 yaşlı hücumçusu “Zirə” ilə anlaşmağa yaxındır. Hücumçu axtarışında olan “qartallar”, oyununu əyani gördüyü, son mövsümdə 15 qol vuran futbolçunu razı salmağa çalışır. “Səbail”n verə bilmədiyi pulu əsirgəməyən qəsəbə təmsilçisi, Pedronun transferi barədə də düşünür. Ötən il “Adanaspor”dan “Səbail”ə gələn 29 yaşlı yarımmüdafiəçi Türkiyədən də bir neçə dəvət alıb.

Bu futbolçuların transferi tam dəqiqləşməyib. Əvəzində “Kəpəz”dən Elçin Əlicanovun keçidi rəsmiləşmək üzrədir. Yəqin ki, yaxın günlərdə “Zirə”in mərkəz müdafiəçisi ilə anlaşdığı rəsmən açıqlanacaq.

Xatırladaq ki, Avropa Liqasındakı təmsilçimiz indiyədək Vladislav Kulaçla vidalaşıb, icarədə olan Fuad Bayramovu isə daimi əsasda heyətinə qatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp