Elə idman növləri var ki, onların təlim prosesi məktəblərdəki tədris proqramı ilə paralellik təşkil edir. Yəni, bu idman növləri tədris ocaqlarında özünə belə desək, daha yaxşı himayə tapır.

Bu mənada bədən tərbiyəsi üçün xarakterik olan atletika və gimnastikanı xüsusi fərqləndirə bilərik. Amma bunlar fərdi idman növləri olduğundan, sırf sağlamlıq məqsədi ilə şagirdlərə aşılanır. Yəni, sabahın abituriyenti gələcək karyerasında bu növlərlə məşğul olmur. Atletika və gimnastika məqsəd yox, vastiə kimi məktəblərdə lazım olur.

Bir idman növü də var ki, onun məktəb proqramına salınması şagirdin gələcək karyerasına da təsir edir. Söhbət basketboldan gedir. Doğrudur, bu sistemdən hazırda daha çox Amerika Birləşmiş Ştatlarında geniş istifadə olunur. Atletik cəhətdən mükəmməl basketbol oynamaq amerikalıların genetikasında olsa da, onlar sırf istedad sayəsində də buna nail olmurlar. Bu gün “yeni qitə”də bu növ həm də məktəblərdəki tədris sayəsində inkişaf edib. Ona görə Milli Basketbol Assosiasiyasında debüt edən oyunçular mütləq kollec və universitetlərdən seçilməlidir. Həmin tədris ocaqlarının komandalarında oynamayan amerikalılar heç vaxt MBA klublarının heyətinə cəlb oluna bilməz.

Bu gün tanıdığımız hər bir əfsanəvi amerikalı basketbolçunun vizit vərəqində mütləq hansısa kollec və ya universitet durur. Məsələn, hansısa dünya səviyyəli futbolçunu yetişdirən “ocaq” idman klubu və ya cəmiyyətidirsə, basketbolçularda bunu təhsil ocağı əvəzləyir.

Avropada isə bu mənada vəziyyət fərqlidir. Amma bizim qitənin İspaniya, Türkiyə, Rusiya, Yunanıstan, Serbiya, Fransa və Almaniya kimi aparıcı basketbol ölkələrində də uşaqlara məktəb partası arxasında əyləşdikləri dövrdən basketbol oynamağı aşılayırlar. Doğrudur, hamı bu növə maraq salmır. Amma maraq salanların da yoluna məhz məktəblər işıq salır.

16478801044457117262 1200x630 - Futbolinfo.az

Hazırda Azərbaycanda da bu istiqamət üzrə işlər aparılır. Xüsusən də təhsil naziri Emin Əmrullayevin Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilməsi buna təkan oldu. Hazırda basketbolun tədrisinə xüsusi diqqət ayrılır. Bunun üçün hətta proqram da hazırlanıb.

Məsələn, ötən il Azərbaycan Basketbol Federasiyası bu istiqamətdə müyyən işlər görüb. Belə ki, şagirdlər üçün U-12, U-14, U-17 Kuboku və ali məktəbdə təhsil alanlar üçün Tələbə Kuboku keçirilir. Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu proqrama əsasən, 20-30 uşaqdan ibarət “Basketbol sinfi” adlı siniflər yaradılacaq. Onlar ali məktəblərdə təhsil alacaq, rahat yataqxanada qalacaq, gündə 3 dəfə isti yeməklə qidalanacaq və basketbol üzrə peşəkar əcnəbi uşaq məşqçiləri tərəfindən təlimlər alacaqlar.

Mətbuata açıqlamasında Emin Əmrullayev də planlarından danışıb: “Federasiya olaraq basketbol idman növünün süni və şişirdilmiş nəticələrlə inkişaf etməsini istəmirik. Gənc idmançıların qarşısına adətən müəyyən yaşda seçim imkanı verilir: ya idmanı, ya da təhsili seçmək. Bu, kifayət qədər çətin seçimdir. Düşünürəm ki, bu problemi mütləq həll etməliyik. Bütün idman növlərində yalnız fiziki güclə uğur qazanılmır. Burada intellekt də önəmlidir. Yeniyetmələrimizi belə ağır seçim qarşısında qoymamalıyıq. Təhsil Nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi bizim məqsədlərimizdən biridir. Dünyada uşaq basketbolu sahəsində tanınmış mütəxəssisləri də cəlb etmək istəyirik. Onlarla qısamüddətli deyil, uzunmüddətli əməkdaşlıq etmək niyyətindəyik. Hər şey istədiyimiz kimi gedərsə, 5-6 ildən sonra 16-17 yaşlılardan ibarət komandalarımız fərqli nəticələr göstərəcək. 5 il ərzində daim beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən komanda formalaşdıra bilərik. Belə bir stereotip var ki, Azərbaycanda uzunboylu insan azdır. Buna görə deyirlər ki, bizdə heç vaxt basketbol olmayacaq. Amma aparılan seleksiya işləri nəticəsində 779 nəfər basketbola marağı olan uzunboylu adam seçilib. Onlardan 420-si qız, 359-u oğlandır”.

news 20220517063117 - Futbolinfo.az

Amma atletika və gimnastika kimi basketbol da sırf tədris ocaqlarının divarları daxilində qaldığı halda belə öz faydalılığını itirmir. Şagirdlər bədən tərbiyəsi dərslərində müxtəlif idman növləri ilə məşğul olduğu kimi, basketbol oynayanda da bundan bəhrələnə bilir. Basketbolun yeniyetməyə verə biləcəyi ən böyük fayda boy artımıdır. Bunu demək olar ki, bilməyən yoxdur. Ümumiyyətlə, basketbolçu deyəndə göz önünə həmişə ucaboy idmançılar gəlir. Adətən insanlarda belə təsəvvür formalaşıb ki, peşəkar basketbolçular elə körpə yaşlarından ucaboy olduqlarına görə bu növlə məşğul olmağa başlayıblar. Təbii ki, bu amil həqiqəti əks etdirir. Amma basketbol da boy artımına birbaşa təsir göstərir. Məsələn, qısaboylular bu idman növünü seçsələr, “yerində qalmayacaq”. Dünyanın hər bir bucağında övladlarının boy problemi ilə üzləşən valideynlər idman növünü seçəcəyi halda basketbola üstünlük verir. Məktəblərdə isə bu problemi olan və olmayan uşaqların belə bir idman növü ilə tanış etməklə mümkün fəsadların qarşısını almaq və inkişafa yol açmaq olar.

unnamed - Futbolinfo.az

Basketbolun faydalarından biri də zehni inkişafla əlaqəlidir. Bu idman növündə taktiki gedişlər daha qabarıqdır. Yəni, tək fiziki keyfiyyətlərlə tərəqqiyə nail olmaq mümkün deyil. Məktəblilər basketbol oynamaqla həm də təfəkkür qabiliyyətini formalaşdırır. Topu səbətdən keçirmək üçün onun komanda yoldaşları arasında dar məkanda “dövriyyəyə buraxılması” İQ testi qədər əhəmiyyətlidir. Bununla yanaşı, topu dəqiqliklə səbətə atmaq bacarığı da məktəblinin gələcəkdə əmək qabiliyyətinin gücləndirilməsinə təkan ola bilər. Bu, dəqiqliyin inkişafı üçün də zəruridir. Basketbolda “əl yaddaşı” deyilən bir anlayış var. Uzunmüddətli məşq sayəsində əl bu istiqamətdə sözün yaxşı mənasında “bişəcək”və proses avtomatik hal alacaq. Əmək qabiliyyətinin inkişafı üçün bundan gözəl vasitə ola bilməz.

Bir sözlə, basketbol bir çox komponentə inkişaf üçün stimul rolunu oynayır. Bu idman növünü məktəblərdə uşaqlarla tanış etməklə bu istiqamətdə böyük işlər görən ölkələrin yolu ilə addımlayıb bəhrəsini görə bilərik.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp