Gəncədə Milli Qəhrəman Ənvər Arazovun xatirəsinə həsr edilən açıq karate turniri keçirilib.

Yarışın rəsmi hissəsində bu idman növünün Gəncədə ənənəsinin olduğu və şəhəri təmsil edən karateçilərin bir sıra beynəlxalq turnirlərdə uğur qazandıqları diqqətə çatdırılıb. Belə yarışların karatenin kütləviliyinə nail olmaq, eləcə də Vətən uğrunda canından keçən qəhrəmanlarımızın tanıdılması baxımından böyük önəm daşıdığı vurğulanıb.

Yarışa gəlincə, açıq xarakterli olduğundan müxtəlif bölgələri təmsil edən 15-ə yaxın komanda Gəncə şəhərinə toplaşıb. Həm oğlan, həm də qız döyüşçülərin mübarizə apardığı yarışda uşaq, yeniyetmə və gənclər bacarıqlarını göstəriblər. Ümumilikdə yarışda 30-dan çox çəki dərəcəsində 200-ə yaxın karateçi qalib olmağa çalışıb.

Xatirə turniri 5-ci dəfədir ki, təşkil olunub. Artıq bir neçə ildir ənənə halını alan birinciliyin qarşıdakı illərdə də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yarışda yüksək yer tutan karateçilər medal və diplomla mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp