Misli Premyer Liqasının 3 klubu hələ də özünə yeni baş məşqçi tapmayıb. “Neftçi”, “Turan Tovuz” və “Şamaxı” axtarışdadır.

Futbolinfo.az xəbər verir ki, ən pis durum “Neftçi”dədir. Uğursuz mövsüm keçirən paytaxt klubunda Miodraq Bojoviçə kimin xələf olacağı bilinmir. Bir ara Samir Abasovun qayıdışı bardə danışılsa da, bakılılar yenidən əcnəbiyə güvənməyi lazım bilib. Lakn hələ də hər hansı adla bağlı məlumat yoxdur.

Rəhbər heyəti də tam müəyyənləşməyən klubda xaos hökm sürür. Məşqçi məsələs ilə kimlərin məşğul olduğu, qərarı kimin verəcəyi bəlli deyil. Çünki baş icraçı direktor Fərrux Mahmudovun gedişindən sonra bu şəxs özü də kiminləsə əvəzlənməyib. Hazırda ən səlahiyyətli şəxs kimi idman direktoru Yens Andersson görünür. Amma klubda qalmağı bacaran menecer Kamil Məmmədov da iş başındadır.

“Neftçi” kimi “Turan Tovuz” da xəlvəti axtarış aparır. Yerli məşqçilərlə anlaşmağı bacarmayan qərblilər də ölkə xaricinə üz tutub. Yaxın ölkələrdə məşqçi seçmi edən klub rəhbərliyinin bir türkiyəli mütəxəssislə müzakirələr apardığı deyilir. Lakin sözegedən klubların heç birindən bu məsələ ilə bağlı heç bir məlumat almaq mümkün deyil.

Əvəzində “Şamaxı”da sular durulur. “Turan Tovuz”dan ayrılan kimi digər bölgə klubundan dəvət alan Ayxan Abbasov ilkin razılığını verib. O, Ramiz Məmmədovun boşaltdığı postu tezliklə tutmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp