Ayxan Abbasovla vidalaşan “Turan Tovuz” yeni baş məşqçi axtarışına davam edir.

Futbolinfo.az xəbər verir ki, Qərb təmsilçisi ölkə daxilində istədiyini tapa bilməyib. Mövcud büdcə ilə heç kim avrokuboklara vəsiqə vədi verməyib. Belədə klub rəhbərliyi əcnəbi axtarışına çıxıb.

Gəzən xəbərlərə görə, qonşu ölkələrdən bir neçə məşqçinin xidməti tovuzlulara təklif olunub. Rusyalı mütəxəssislərlə danışıqlar alınmayıb, klub rəhbərliyi indi də üzünü Türkiyəyə tutub.

Amma xidməti təklif olunan məşqçilərlə anlaşmaq ehtimalı azdır. Çünki onların tələbləri həddindən artıq yüksəkdir. Təkcə Əmrə Belözoğlunun illik 450 min avro maaş istəməsini qeyd etmək kifayətdir. Daha iki məşqçi də yüksək əməkhaqqı, eyni zamanda komanda üçün şəraitin yaxşılaşdırılmasını tələb edib.

Gürcü Şota Arveladze isə 600 mn avro maaşdan əlavə bir neçə bahalı transfer tələb edib. O, eyni zamanda avrokuboklara vəsiqə sözü də verməyib.

Hazırda “Turan Tovuz” rəhbərliyi yenidən ölkə daxilində seçim etmək variantı barədə düşünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp