Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanovun futbolinfo.az saytına müsahibəsi
– Başa çatan 2023/2024 mövsümünü ümumi olaraq necə dəyərləndirərdiniz? Bu mövsüm nə ilə fərqləndi?
– Çox maraqlı mövsüm keçdi. “Qarabağ”ı çıxmaq şərtilə, qalan klublar, demək olar ki, eyni səviyyədə idilər. Sonda avrokuboklara düşmək uğrunda yaxşı mübarizəyə şahidlik etdik. Çempionat əsas bu baxımdan yadda qaldı. Düşünürəm ki, bu, müsbət haldır. Növbəti mövsümdə də bu təkrarlansa, hətta digər klublarımız “Qarabağ”ın səviyyəsinə yaxınlaşa bilsələr, daha yaxşı olacaq.
– Vaxtilə çalışdığınız “Neftçi” klubu mövsümün ilk yarısının sonunda Adrian Mutu, sezon bitəndən sonra isə Miodraq Bojoviçlə yolları ayırdı. Sizcə, “Neftçi”nin yeni çalışdırıcısı kim olmalıdır? Komandanı əvvəlki əzəmətinə kim qaytara bilər?
– Zaman göstərdi ki, məşqçi gətirərkən düzgün seçimlər edilməmişdi. Ona görə “Neftçi” bu gün avrokuboklardan kənarda qaldı. Komandanı kimin bu vəziyyətdən çıxaracağına gəlincə, mənim üçün qıraqdan baxıb nəsə demək çətindir. Desəm ki, yerli məşqçi olsun, birdən yerli gələr, sabah alınmaz. Və ya desəm ki, əcnəbi olsun, birdən onda da alınmaz. Detallı şəkildə analiz etdikdən sonra dolğun cavab verə bilərəm.
– “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovla yollarını ayırmasını necə qarşıladınız? Sizcə, Tovuz klubunun rəhbərliyi düzgün addım atdı?
– Ayxanın “Turan Tovuz”dan gedişi gözlənilməz oldu. Kənardan baxan biri olaraq, mənə görə, onunla yolların ayrılması düzgün görünmədi. Amma klubun içində nə danışdıqlarını bilmirəm. Bəlkə də Ayxanın tələbləri və ya klubun strategiyası başqa olub. Komandanın içində olmadığım üçün çox şərh verə bilmirəm. Lakin Ayxanın “Turan Tovuz”dan getməyinə çox üzüldüm. Tovuz klubunda çox işlər görmüşdü.
– “Qəbələ” I Liqaya düşsə də, Kaxaber Sxadadze komandanı tərk etmədi. Onun postunda qalacağını və I Liqada işləməyə razı olacağını gözləyirdiniz? “Qəbələ” 1 ildən sonra Premyer Liqaya qayıda biləcəkmi?
– Kaxanın “Qəbələ”də qalması mənim üçün gözlənilməz oldu. Düşünmürdüm ki, o, postunda qalacaq və I Liqada komanda çalışdıracaq. Məqsədlərdən çox şey asılıdır. Bəlkə də qarşılarına aşağı liqada çempion olduqdan sonra Premyer Liqaya dönməklə yanaşı, elitada da iddialı, yaxşı komanda formalaşdırmaq məqsədi qoyublar. Amma mənə görə, bu gün “Qəbələ”ni yerli mütəxəssis də çalışdıra bilər.
– Avrokubokda çıxış edəcək komandalarımızdan hansı nəticəni gözləyirsiniz, hansına daha çox inanırsınız?
– Tək “Qarabağ”a inanıram. Əgər o biri klublarımız da güclənsələr, hamısına inanacağam. Hansı futbolçuları almalarından çox şey asılı olacaq. Əgər eynisəviyyəli futbolçular gətirəcəklərsə, uğur gözləməyə dəyməz. Çünki qrupa düşmək üçün keyfiyyət lazımdır. Keyfiyyət olmayacaqsa, axsayacaqlar. Ümid edək ki, bütün klublarımız “Qarabağ” səviyyəsinə qalxmaq üçün işlər görəcəklər. Bunun üçün də maliyyə lazımdır.
FƏRİD