Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində gümüş medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, həlledici mərhələdə Əlişir Yergaliylə (Qazaxıstan) üz-üzə gəlməli olan idmançımız səhhətində problem yarandığı üçün döşək üzərinə çıxmayıb.

Bununla da Maqomedovun qazancı gümüş medal olub.

Azərbaycan digər sərbəst güləşçisi Hacı Əliyev (65 kq) isə reytinq turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Üçüncü yer uğrunda görüşdə meksikalı Austin Qomeslə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək (12:3) bürünc medal qazanıb.

Digər təmsilçimiz Əliabbas Rzazadə (57 kq) yarımfinal mərhələsində məğlub olaraq üçüncü yer uğrunda görüşə çıxmağa haqq qazansa da, zədələnərək turnirlə vidalaşıb.

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.

Shares: