“Qarabağ”ın hücumçusu Redon Cicanın futbolinfo.az saytına müsahibəsi

– Bu mövsümü “Qarabağ” üçün necə adlandırmaq olar?

– Çox möhtəşəm mövsüm oldu. Ölkə çempionatının qalibi olduq, Azərbaycan Kubokunu qazandıq. Üstəlik, Avropada əla mövsüm keçirdik. Avroliqada çox yaxşı oyunlar oynadıq.

– Öz karyeran baxımından necə düşünürsən?

– Düşünürəm ki, mənim üçün də yaxşı mövsüm oldu. Çünki komandamla Azərbaycan çempionu oldum, kuboku qazandım. Bunlar karyeram üçün vacibdir. Razıyam ki, elə də çox oynamadım. Amma hər şey yaxşıdır və mən xoşbəxtəm.

– Amma mövsümün sonuna yaxın Ağdam klubundan ayrılacağın deyilirdi. Ümumiyyətlə, bu barədə vəziyyət necədir?

– “Qarabağ”la davam edən müqaviləm var və növbəti mövsüm üçün də Azərbaycan təmsilçisinin heyətində olacam. Başqa məsələlər barədə nəsə deyə bilmərəm. Bunlar sadəcə, mediada yazılan xəbərdir.

– Hər hansı təklif almısan?

– Bu barədə heç nə bilmirəm. Təkliflərdən xəbərim olmur, çünki bununla agentim məşğul olur.

– Səncə, “Qarabağ”da qalsan, növbəti mövsüm daha çox şans əldə edəcəksən?

– Hazırda tətildəyəm və istirahət edirəm. Hazırlıq dövrü başlayacaq və komandaya qoşulub ən yaxşısını etməyə çalışacam. Ümid edirəm ki, növbəti mövsüm daha çox şans qazanacam və meydana çıxacam.

– Bu gün Albaniya və Azərbaycan yığmaları yoldaşlıq görüşləri keçirəcəklər. Oyunla bağlı düşüncələrin necədir?

– Çox maraqlı qarşılaşma olacağını düşünürəm. Hər iki komandada dostlarım var və mən də oyunu izləyəcəm. Ümid edirəm ki, azarkeşlər də baxımlı matç izləyəcəklər.

– Ölkənin komandasının heyətində kifayət qədər tanınmış klublarda oynayan futbolçular var. Albaniyanı favorit saymaq olar?

– Düzdür, Albaniya yığmasının heyətində olanlar Avropanın yaxşı liqalarında oynayır. Həmçinin yığmamız Avropa çempionatında çıxış edəcək. Düzdür, çox çətin və böyük komandalarla eyni qrupa düşüb. İspaniya, İtaliya və Xorvatiya kimi millilər var. Amma ümid edirəm ki, komandamız əlindən gələnin ən yaxşısnı edib növbəti mərhələyə adlayacaq.

– Kimin qələbə şansını daha çox görürsən?

– Hər iki komanda yaxşıdır və heyətində güclü oyunçular yer alır. Mən Albaniyadanam və istəyirəm ki, komandam qalib gəlsin. Amma Azərbaycan yığmasına da uğurlar arzulayıram. Çünki bu ölkədə çıxış edirəm və ölkəni xoşlayıram.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp