Yeni baş məşqçi tapmayan “Turan Tovuz” maraqlı addım atıb. Ayxan Abbasovun istefasından sonra heç bir yerli mütəxəssislə anlaşa bilməyən, əcnəbidən isə yüksək maliyyə tələbləri üzündən vaz keçən qərblilər, yenidən ilk seçiminin üzərinə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, tovuzlular “Kəpəz”in baş məşqçisi Adil Şükürovu bu posta gətirmək istəyir. Gəncəlilərlə müqaviləsi olan Şükürov özü də getmək arzusundadır. “Kəpəz”in sponsor tapa bilməməsi, hazırkı maliyyə şərtlərinin qaneedici olmaması Adil bəyi bezdirib və o, daha yaxşı maaş təklif edən “Turan Tovuz”a can atır. Amma müqavilə bağlılığı buna mane olur.

Tovuzlular məsələni həll etmək üçün “Kəpəz”ə maraqlı təklif edib. Belə ki, öz stadionunun təmirdə olması üzündən bir müddət oyunlarını Tovuzda keçirən Gəncə təmsilçisinin “Turan” rəhbərliyinə xeyli borcu var. Bu borcun bağlanması və yeni mövsümdə ev qarşılaşmalarının təmənnasız təşkili üçün yardım vəd edən “Turan Tovuz” rəhbərliyi qarşılığında Şükürovun sərbəst buraxılmasını xahiş edib. “Kəpəz” rəhbərliyi cavab vermək üçün vaxt istəyib.

Shares: