“Zirə”nin sabiq hücumçusu Vladislav Kulaç başa çatan mövsümdəki çıxışından danışıb.
Mövsüm bitən kimi “qartallar”dan ayrılan ukraynalı “UkrFootball”a açıqlamasında vidasından da danışıb: “Bu mövsüm göstərilən nəticələr komanda üçün olduqca yaxşıdır. Biz çempionatda “Qarabağ”dan sonra ikinci komandayıq, ona görə də mövsüm komanda üçün uğurlu oldu. Şəxsən mənə gəlincə, təbii ki, daha yaxşı olmasını istərdim. Mikro zədələr istədiyim formada olmağıma maneçilik törətdi. Lakin bütövlükdə həm mənim, həm də komanda üçün yaxşı mövsüm oldu”.
Kulaç iki ölkə futbolunu müqayisə edib: “Azərbaycan çempionatındakı oyun səviyyəsi ilə Ukraynadakı oyun arasında ciddi fərq olduğunu deyə bilmərəm. İndi hər ölkədə futbol oynamağı bacarırlar. Fikrimcə, yerli çempionat rəqabət və mübarizə baxımından ildən-ilə inkişaf edir. Bu mövsüm, məsələn, son turda ikinci yeri də tuta bilərdik, beşinci yeri də. Mübarizənin son ana qədər davam etməsi çox maraqlıdır”.