Qazaxıstan bu oyunla məğlub edilməsə idi, ədalətsizlik olardı. Dünən Macarıstanda baş tutan yoxlama matçında yığmamızın cəsarətli oyununun mükafatı məhz qələbə idi.

Albaniya ilə öncəki oyunda (1:3) edilən yanlışlar düzəlincə nəticə özünü gözlətmədi. Arif Əsədov köməkçisi olduğu Canni de Byazinin taktikasından imtina edib öz baxışını ortaya qoydu və dominant futbolla qələbə qazandı. Əsədov yerli futbolçuların potensialını üzə çıxarmaqla yanaşı, bizimkilərin hücum futbolunu daha yaxşı bacardığını da göstərdi.

Düzdür, Qazaxıstan Avropa Çempionatının iştirakçısı olan albanlarla müqayisədə daha münasib rəqib idi. Amma dəniz qonşularımızın son illərdəki yüksəlişi onlara ciddi yanaşmaq üçün əsas verir. Üstəlik, fərdi səhvlərdən sonra buraxılan erkən qollara rəğmən, geridönüşü bacarmaq, qələbəni təmin etmək gözardı edilməməlidir.

İstənilən halda, ağır mövsümdən sonra 90 dəqiqə dominat futbol oynamaq müsbət məqam kimi qeyd edilməlidir. Düzdür, bunu hər rəqibə qarşı etmək olmayacaq, amma komandalara fərdi münasibətlə maksimuma çalışmaq olar. Əsədov de Byazidən daha yaxşı futbol oynadırsa, futbolçuların potensialını daha yaxşı aça bilirsə, AFFA rəhbərliyinin hələ də əcnəbi məşqçi axtarmasını anlamaq olmur. Bu gün xaricdə məşqçi axtarmaqdansa, komandanın güclənməsinə, rəqabət yaradacaq yeni nəslin yetişməsinə çalışmaq prioritet olmalıdır.

Əsədovun dünən futbolçularla birlikdə bacardığı iş əcnəbi sevdalılarına dərs olmalıdır. Arif bəy və ya başqa bir yerli mütəxəssis də böyük turnirlərin final mərhələlərinə vəsiqə qazana bilməyəcək. Lakin tarix, statistika göstərir ki, əcnəbilərlə müqayisədə özümüzkülər daha yaxşı işlər görüb. Bunun səbəbi yerli mühiti, futbolçuların potensialını, mentalitetini bilməkdir.

Dünən yığmamız qələbə qazansa da, davamlı yaxşı oyunlara ümid azdır. Çünk komandanın potensialını açmaqla da iş bitmir. Mütləq yeni adlar ortaya çıxarılmalı, heyət gücləndirilməlidir. Bunun üçün isə millinn baş məşqçisinin kimliyi önəmli deyil, futbol təsərrüfatında sistem dəyişməli, sağlam mühit formalaşdırılmalıdır.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp