Dünən baş tutan oyundan sonra Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov müsahibə verib. Yığmamıza 2:3 hesabı ilə uduzduqları görüşü tribunadan izləyən rusiyalı mütəxəssis Azərbaycandan ezam olunan jurnalistlərin suallarını cavablayıb.
– Oyun barədə fikirlərinizi bilmək istəyərdik…
– Böyük ölçüdə bu, yoxlama oyunudu. Hər iki komanda hücumu daha istəklə qururdu. Azərbaycanın irəli atılmağa hər zaman daha həvəsli olduğunu onsuz daha əvvəl də bilirdik. Müdafiədə isə hər iki tərəfdə problemlər sezilirdi. Hesab bərabərləşdikdən sonra Qazaxıstanın 2 real şansı oldu. Tərəzinin gözü hər tərəfə çevrilə bilərdi. Özüm üçün çox şeyləri qeyd etdim. Yeni komandamı canlı olaraq ilk dəfədi izləyirəm. Sakit, planlı şəkildə hərəkət edəcəyik.
– Başa düşürəm ki, hər kəs doğmasını daha çox sevir. Ancaq bu sualı verəcəm: fikrinizcə, Azərbaycan qələbəyə layiq idi?
– Hesab tabloda olandan sonra nə deyə bilərik? Azərbaycan qalib gəlibsə, bizə onları ancaq təbrik etmək qalır.
– Millimiz barədə fikriniz maraqlıdı. Komandamız necə görünürdü?
– Təqribən 5-6 ay öncə milliniz adına mənə müəyyən maraq göstərilirdi. Ona görə də komandanızı bəlkə də sizdən yaxşı tanıyıram. Qazaxıstandan çox danışa bilmərəm, çünki cəmi 1 həftə əvvəl mənimlə təmasa girdilər. Sizin millinizə dair isə bütün xırdalıqları bilirəm.
– Bəs millimizə təyinata nə mane oldu?
– Bunu bilmirəm. Çünki Azərbaycan tərəfdən heç bir rəsmi şəxslə danışmamışam. İndi Azərbaycan öz yolu ilə, Qazaxıstan isə öz cığırı ilə hərəkət edəcək.
– Azərbaycanda nə zamansa çalışacağınıza dair “heç vaxt “heç vaxt” demə” deyimi uyğun gələr?
– Hansısa bayraq altındayamsa, başqa heç nə barədə düşünmürəm. Nə vaxt həmin bayraq endirilər, növbəti səhifə barədə düşünmək olar. Uşaqlara da dedim ki, sentyabrda məsuliyyətli oyunlarımız var və artıq indidən rəqiblərimizin oyununu təhlil etməli və ciddi hazırlaşmalıyıq. Buna görə də Macarıstanı tərk etmirəm və AÇ-nin açılışını, Sloveniya – Serbiya görüşünü izləyəcəm.
– Sizə Qazaxıstanla Dünya Çempionatının final mərhələsinə düşməyi arzulayırıq. Ancaq bir şərtlə: ordakı rəqiblərinizdən biri Azərbaycan olsun…
– Kimlərsə bu əla sözlərin əleyhinə ola bilər, ancaq mən heç vaxt! Bütün azərbaycanlı futbolsevərlərə salamımı çatdırın. Ölkənizlə hər zaman ən xoş münasibətlərim olub. Nə olsun ki, o vaxt “Qarabağ” çalışdırdığım “Ferensvaroş”a qalib gəldi?! Mən özümdən bəzi hallarda daha yaxşı olan rəqibə böyük hörmət bəsləyirəm.
– Stanislav Salamoviç, “Qarabağ” tək klub olaraq yox, ərazi kimi də daim Azərbaycanın olub və olacaq!
– Azərbaycan xalqına atəşin salamlarımı çatdırın.
ƏZİZ
Bu material “Misli”nin dəstəyi ilə hazırlanıb