“Sumqayıt” klubunun futbolçusu Ayxan Süleymanlının futbolinfo.az saytına müsahibəsi

– Başa çatan mövsümdə “Sumqayıt”ın çıxışını necə dəyərləndirirsiniz? Sezonu daha yuxarılarda bitirmək olardı, yoxsa komandanın tuta biləcəyi maksimum pillə 4-cü yer idi?

– “Sumqayıt”ın bu mövsümdəki çıxışını uğurlu hesab edirəm. Keçən il komanda liqada qalmaq uğrunda mübarizə aparırdısa, bu il artıq Konfrans Liqasına vəsiqə qazandı. Arada böyük fərq var. Əlbəttə ki, mövsümü daha yuxarı pillələrdə bitirmək olardı. Bu, faktdır ki, mövsümün sonuna 2 tur qalmış ikinci yerdə idik. Sadəcə, “Sabah”a məğlubiyyətdən və digər rəqiblərimizin də qələbələrindən sonra elə alındı ki, biz 4-cü yeri tutası olduq. Amma ümumən hər şey “Sumqayıt” üçün uğurlu alındı.

– Mövsüm ərzində sizin üçün ən unudulmaz oyun hansı oldu?

– Səfərdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəldiyimiz oyunu deyərdim. Həmin matçın sonu çox həyəcanlı keçdi. Amma şükürlər olsun, hesabı qoruyub saxlaya bildik.

– Son sezonda öz çıxışınızdan razı qaldınız? Baş məşqçi Samir Abasovun oyununuzla bağlı fikirləri necə oldu, sizdən gözləntisi nədir?

– Hamının bildiyi kimi, Samir Abasov çox tələbkar məşqçidir. Məndən tələbləri, istəkləri böyükdür. O ki qaldı şəxsi fikrimə, heç vaxt özümdən tam razı olmuram, həmişə daha yaxşısını edə biləcəyimi düşünürəm. Məşqlərdə və oyunlarda daha yaxşısını edə bilərdim.

– Növbəti mövsümdə komanda üçün daha vacib oyunçuya çevriləcəyinizə, daha çox matçlarda iştirak edəcəyinizə inanırsınız?

– İnşallah, bunun üçün əlimdən gələni edəcəyəm. İndidən nəsə demək çətindir. Özümə inamım böyükdür. Buna nail olmaq üçün üzərimdə çalışıram və çalışmağa da davam edəcəyəm.

– Hər dəfə mövsümlərarası fasilədə komandalardan gedənlər və yeni gələn futbolçular olur. Maraqlıdır, “Sumqayıt”dan kimin gedişi sizə çox pis təsir edər?

– Əla bir kollektivimiz var. Düzdür, bu, futboldur, heç bir şey əbədi deyil. Normaldır ki, kimlərsə komandadan gedəcək, kimlərsə gələcək. Hamının gedişinə eyni dərəcədə üzülürük. Elə bir şey yoxdur ki, kiminsə gedişinə üzülməyək. Çalışırıq ki, gələnləri də mehribanlıqla qarşılayaq.

– Konfrans Liqasında hansı nəticəyə imza ata biləcəksiniz? “Sumqayıt”ın mərhələlər adlamağa, qrupa düşməyə gücü çatacaq?

– İndidən nəsə demək düz olmaz. Çünki hələ püşk atılmayıb, rəqibimizi bilmirik, oyuna çox vaxt var. Ümumən onu deyə bilərəm ki, yenə öz oyunumuzu göstərməyə çalışacağıq. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp