Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunması Avropa futbol ictimaiyyətinin də diqqətini cəlb edib.

Futbolinfo.az xəbər verir ki, əksər media orqanları portuqaliyalı mütəxəssisin gəlişini Azərbaycan millisi üçün şans hesab edir. Çünki 69 yaşlı çalışdırıcı əsl milli məşqçisi sayılır. Onun Portuqaliya və Yunanıstan yığmalarındakı uğurları buna nümunə göstərilib. Xüsusən də onun Yunanıstan yığmasındakı işi ilə parladığı vurğulanıb.

Santuşun ilk milli macərası Yunanıstan olub. Həmin ölkə klublarındakı fəaliyyətindən sonra 2010-cu ildə yığmanın “sükanı arxasına” gətirilib. Əvvəlcə komandasını AVRO-2012-yə daşıyıb, orada 1/4 finala qədər aparıb. Yunanlar Santuşun rəhbərliyi altında iki il sonra da dünya çempionatına qatılıb. Mundialda da qrup səddini keçən komanda 1/8 finalda Kosta Rikaya penaltilər seriyası ilə məğlub olub. Matçın gedişində texniki zonadan qovulan portuqaliyalının ertəsi gün başa çatan müqaviləsinin uzadılmayacağı açıqlanıb. Santuş həmin qırmızı vərəqəyə görə 6 oyunluq cəzalandırılmışdı.

Lakin məşqçinin işsiz günləri qısa çəkib. O, AVRO-2016-nın seçmə mərhələsinə məğlubiyyətlə başlayan Portuqaliya millisində istefaya göndərilən Paulu Bentunu əvəzləyib. Avropanın Braziliyası Santuşun başçılığı altında qrupun qalan 7 görüşünün hamısında qələbə qazanıb. Həmin qarşılaşmalardan biri Canni de Byazinin baş məşqçisi olduğu Albaniya ilə olub. Millimizin hazırkı çalışdırıcısı bu postda əvəzlədiyi italiyalını həmin vaxt Albaniyada məğlubiyyətə uğratmışdı.

AVRO-2016-nın final mərhələsinin bütün görüşlərində isə bəxt Portuqaliyanın üzünə gülüb. Komanda üç bərabərliklə qrupu ən yaxşı üçüncülərdən biri kimi adlayıb. Ardından Xorvatiyanı 117-ci dəqiqədə vurulan qol, Polşanı penaltilər seriyası ilə üstələyən komanda 90 dəqiqəlik mübarizədə ilk qələbəsini yarımfinalda Uels üzərində qazanıb. Portuqallar Fransa ilə final qarşılaşmasının 25-ci dəqiqəsində zədə səbəbindən lideri Kriştianu Ronaldunu itirib. Buna baxmayaraq, komanda 109-cu dəqiqə qolu sayəsində 1:0 hesablı qələbə ilə Avropa çempionluğunu qazanıb.

Santuşlu Portuqaliya DÇ-2018-in və AVRO-2020-nin 1/8 finalına qədər irəliləməyi bacarıb. Lakin Millətlər Liqasının 2018-19 mövsümündə komanda finalda Niderlandı üstələyərək, turnirin qalibi olub.

Əslində, DÇ-2022 də Portuqaliya üçün pis başlamamışdı. Komanda qrupu birinci pillədə başa vurub. Lakin Santuş hər üç qarşılaşmanın ikinci hissəsində Kriştianu Ronaldunu əvəzləməklə öz sonunu hazırlayıb. Hətta qrupun Cənubi Koreya ilə son qarşılaşmasında Ronaldo əvəzlənərkən ona qarşı hörmətsizlik nümayiş etdirib. Nəticədə çalışdırıcı kapitanı 1/8 və 1/4 final görüşlərində ehtiyatda saxlayıb, sonradan meydana buraxıb. Yerli federasiya 2022-ci ilin dekabrında onu istefaya göndərmək qərarına gəlib.

Santuşun növbəti dayanacağı Polşa yığması olub. 2023-cü ilin yanvarında bu posta gətirilən mütəxəssis oyun üslubuna, futbolçu seçiminə və Polşa çempionatını izləməməsinə görə çox tənqidə məruz qalıb. AVRO-2024-ün seçmə mərhələsində Moldova və Albaniyaya məğlubiyyət isə sentyabrda qovulmasına gətirib çıxarıb.

Son iş yeri “Beşiktaş” olan Fernandu Santuş yanvar – aprel aralığında Türkiyədə qala bilib. Ardıcıl 6 oyunluq qələbəsizlik seriyası istefaya göndərilməsi ilə nəticələnib.

69 yaşında Azərbaycan millisinə uzunmüddətli layihə üçün gətirilən Santuşla bağlı yeganə ümidverici məqam yığmalarda heç də pis nəticələr göstərməməsidir. Lakin unutmayaq ki, Canni de Byazi də bu ümidlə təyin edilmişdi. Santuşun gətirilməsinin yanlış və ya doğru addım olduğunu zaman göstərəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp