Azərbaycan Basketbol Federasiyasında Basketbol Liqasının növbəti mövsümü üçün klublarla görüş keçirilib. Gündəlikdə olan məsələlərin müzakirə edildiyi toplantıda “Gəncə”ni əməkdar məşqçi Rizvan Səfərov təmsil edib.

Bakıda reallaşan yığıncaqda gündəlikdə duran əsas məsələlər barədə söhbət açılıb, federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi aparılıb. İclasda bütün klub nümayəndələrinin səsləndirdiyi fikirlər federasiya rəhbərliyi tərəfindən diqqətə alınıb.

Səfərov da gələcək mövsüm üçün təkliflər verib: “Klub rəsmiləri tərəfindən legioner limitinin 3+2 və ya 4+1 formatında reallaşması fikri irəli sürüldü. Qərar federasiya rəhbərliyinindir, bu haqda Rəyasət Heyəti qərar verəcək. Oğlanlar və qızlar arasında U-14 liqasının keçirilməsi təklif edildi. Sonra komandaların say tərkibinə yenilərinin əlavə olunması ilə bağlı müzakirələr oldu. Biz də “Gəncə” Basketbol Klubunu təmsil edərək çalışdıq ki, müzakirələrdə aktiv iştirak edək”.

Əməkdar məşqçi yeni formalaşan federasiyanın qısa zamanda müəyyən işlər gördüyünə diqqət çəkib. Bunun yeni mövsümdən gözləntilərə də təsir edəcəyini istisna etməyib: “Yeni yaranmış federasiyasının rəhbərliyi digər ölkələrdə 8-10 ərzində görüləcək işləri 2 il ərzində yerinə yetirib. Uşaq basketbol liqası, qadın liqası, basketbol liqasının yüksək səviyyədə təşkil olunması qeyd edilməlidir. Bu, rəhbərliyin planlı işinin nəticəsidir. Onun üçün də qarşıdakı mövsümdə də ABL-in daha da yüksək səviyyədə keçirilməsi, yeni hakimlərin liqalarda iştirakı – hamısı basketbol federasiyasının gördüyü işin nəticəsi olaraq dəyərləndirilir”.

Basketbol liqasında qarşıdakı mövsüm üçün ən çox maraq doğuran məsələ legioner limiti ilə bağlıdır. Əsas qərarların iyun ayı ərzində verilməsi gözlənilir.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp