Azərbaycan milli komandasının sabiq müdafiəçisi Deni Qaysumovun futbolinfo.az saytına müsahibəsi

– Yığmamızın Albaniya (1:3) və Qazaxıstanla (3:2) keçirdiyi yoldaşlıq matçlarını izləyə bildiniz? Millimizin bu görüşlərdəki performansı xoşunuza gəldimi?

– Düzü, oyunlara canlı baxmadım. Amma hər iki qarşılaşmanın icmalını izlədim. Albaniya güclü rəqibdir. Bu mənada, onlara məğlubiyyət başadüşüləndir. Əsas odur ki, yığmamız albanlarla görüşdə sonadək mübarizə apardı və yekunda qol vurmağa müvəffəq oldu. Qazaxıstanla matça gəlincə, oyunun gedişində 2 top fərqi ilə geridə olduğumuz halda, geridönüş etmək və qalib gəlmək, təbii ki, sevindiricidir. Bu onu göstərir ki, futbolçularımızda əzmkarlıq, qalib ruhu var. Millimiz qazaxlara qarşı əvvəldən sonadək hücum futbolu nümayiş etdirdi. Bunun da sayəsində əzmkar qələbə qazana bildik. Yoldaşlıq görüşü olsa belə, bu qələbə münasibətilə milli komandamızı təbrik edirəm.

– Həqiqətən də, yığmamız son 2 oyunda hücum futbolu nümayiş etdirdi. Bir daha təsdiq olundu ki, komandamız müdafiə olunmaqdan çox hücum etməyi yaxşı bacarır…

– Bəli. Məhz bu cür oyun, hücum futbolu hər birimizin xoşuna gəlir. Azərbaycan yığmasının hər iki matçda ardıcıl hücumlar qurması, qol vəziyyətləri yaratması məni çox sevindirdi.

– Artıq millimizin yeni baş məşqçisinin adı bəllidir. Bundan sonra yığmamızı portuqaliyalı mütəxəssis Fernandu Santuş çalışdıracaq. Seçim ürəyinizcə oldu? Sizcə, Santuş Azərbaycan millisində ortaya yaxşı iş qoya biləcək?

– Təbii ki, baş məşqçi postuna belə təyinat yığmamız üçün mühüm hadisədir. Santuş qazandığı nəticələrlə dünyanın ən güclü məşqçilərindən biri olduğunu sübuta yetirib. Bu təyinat ürəyimcə oldu. Ümid edirəm ki, onun gəlişi ilə milli komandamız öz oyun keyfiyyətlərini artıracaq, həm müdafiədə, həm də hücumda inamlı oynayaraq bizi sevindirəcək.

– Milli komandaya azərbaycanlı futbolçuları yaxından tanıyan, onların mentalitetinə yaxşı bələd olan yerli mütəxəssisin gətirilməsi daha faydalı olmazdı? AFFA-nın yerli məşqçilərə olan inamsızlığı nədən irəli gəlir?

– Mən həmişə demişəm, yenə deyirəm ki, biz yerli məşqçilərimizi yetişdirməliyik. Berti Foqts, Fernandu Santuş kimi dünya səviyyəli mütəxəssislərin yanında özümüzünküləri hazırlamalıyıq.

– İyunun 14-də start götürəcək AVRO-2024-də qonşumuz Gürcüstan yığması da iştirak edəcək. İnanırsınız ki, nəvaxtsa Azərbaycan millisini də Avropa çempionatında görə biləcəyik?

– Santuş kimi məşqçi ilə təsnifat mərhələsində rəqabət yarada və qrupdan çıxa biləcəyimizə ümid edirəm. Gürcüstan yığmasının AVRO-2024-də olması sevindirici məqamdır. Avropa çempionatında məhz gürcülərə azarkeşlik edəcəyəm. Budəfəki turnirdə kimin çempion olacağını demək çətindir. Çünki favoritlər çoxdur. Ümid edirəm ki, yaxın illərdə Azərbaycan yığması da Avropa çempionatına vəsiqə qazanacaq və bu, ölkə üçün əsl bayrama çevriləcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp