“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı”nın baş məşqçisi postuna keçidiniz necə alındı? Başqa təklifləriniz də var idi?

– “Turan Tovuz”dan ayrılandan sonra “Şamaxı”dan təklif aldım. Real danışsaq, bu gün 1-2 komandadan başqa digərlərinin baş məşqçisi var. “Şamaxı” rəhbərliyi ilə görüşdük, təklifi müzakirə etdik. Komanda I Liqadan gəlib. Qarşıda bizi çətin günlər gözləyir, tez bir zamanda heyəti komplektləşdirməliyik. Bu kimi məsələləri müzakirə etdik. Danışığımız alındı və əməkdaşlığa razılıq verdik.

– “Şamaxı” ilə müqavilə müddətiniz 1 illikdir. Sözləşmənin cəmi 1 illik olması kimin istəyidir?

– Bəli, “Şamaxı” ilə 1 illik müqavilə bağlamışıq. Mən də bu təkliflə çıxış etdim ki, 1 ildən sonra oturub yenidən müzakirələr edərik. Əməkdaşlığın gələcək perspektivi ilə bağlı hazırkı müqavilə başa çatandan sonra qərar verməyi məqsədəuyğun saydıq.

– “Şamaxı”da da eyni köməkçilərlə çalışacaqsınız, yoxsa heyətinizdə yeni adlar ola bilər?

– “Turan Tovuz”da birgə çalışdığım köməkçilərim yenə yanımda olacaqlar. Elnur Çodarov əsas köməkçi məşqçi, Xəyal Qarayev köməkçi məşqçi, Kamil Qafarov qapıçılarla işləyən məşqçi, Ceyhun Rzayev isə analitik kimi fəaliyyət göstərəcək.

– Rəhbərlik tərəfindən qarşınıza hansı vəzifə qoyulub?

– İlk növbədə, yaxşı komanda qurmalıyıq. Çempionatımız çox rəqabətli liqadır, buradakı komandaların hamısı oturuşmuş, mübariz kollektivlərdir. Son mövsümün necə çətin keçdiyini hamı gördü. İlk məqsədimiz mübariz komanda quraraq bütün rəqiblərə qarşı layiqli müqavimət göstərmək və Premyer Liqada möhkəmlənməkdir.

– “Turan Tovuz”da rəhbərliyiniz altında oynamış futbolçulardan kimlərisə “Şamaxı”da görə bilərik?

– Açığı, bu baxımdan geniş imkanlarımın olduğuna inanmıram. Çünki “Turan Tovuz” bir çox futbolçusu ilə müqavilə müddətini artırıb. Heç bir klubla sözləşməsi olmayan, hazırda boş olan oyunçulara baxırıq. Hansıları bizim üçün maraqlı olsa, onları komandamıza cəlb edə bilərik.

– Komandaya neçə legioner dəvət etməyi planlaşdırırsınız?

– Konkret say deyə bilmərəm. Büdcəmizə uyğun addım atacağıq. İndiki halda əsas diqqəti yerli futbolçulara yönəltmişik. Yerli oyunçular transfer edə bildikdən sonra boş qalan mövqeləri legionerlərlə gücləndirmək istəyirəm. Real danışmaq lazımdır. Bu gün yerli futbolçu cəlb etmək də çətindir. Qısa vaxtda “Şamaxı”ya azərbaycanlı oyunçu dəvət etmək, maddiyyat baxımdan rəqiblərlə rəqabət aparmaq asan deyil. Yerli futbolçularla bağlı məsələ dəqiqləşəndən sonra legionerlər transfer edəcəyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp