“Kəpəz” yeni mövsümün planlarını cızır. Gəncəlilər ilk öncə heyətdəki futbolçularını qorumaq istəyir.

Futbolinfo.az xəbər verir ki, əksər oyunçularına digər klublardan təklif olan komandanın əcnəbiləri daha çox diqqət mərkəzindədir. Hətta bir neçə nəfərin digər klublarla razılaşmaq üzrə olduğu bəllidir.

Lakin “Kəpəz”in razı saldığı futbolçular da var. Yeqor Xvalko ilə yeni müqaviləni rəsmiləşdirən gəncəlilər indi də Latir Fal və İqor Rodrigesi daha bir mövsüm qalmağa razı salıb. Olevale Onanunqa ilə danışıqlar da müsbət nəticələnmək üzrədir.

Klub rəhbərliyi yerli oyunçu transferində də fəaldır. “Tuzlaspor”dan ayrılan Bəxtiyar Həsənalızadə əsas hədəfdir. Amma mərkəz müdafiəçisini “Səbail” və “Araz-Naxçıvan” da istədiyi üçün onun keçidi inandırıcı görünmür.

Xatırladaq ki, Bəxtiyar Türkiyə klubuna məhz “Kəpəz”dən getmişdi. Qərb təmsilçisi ilə müqavilə imzalayan müdafiəçi oynamadan tuzlalıların düşərgəsinə yollanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp