Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlunun futbolinfo.az saytına müsahibəsi

  • Yığmamızın bu ay Albaniya və Qazaxıstanla keçirdiyi yoxlama oyunları haqda fikirləriniz necədir? Komandamızın bu görüşlərdə sərgilədiyi futbolu bəyəndiniz?
  • Albaniya AÇ-2024-də iştirak edən komandadır. Onlar Qazaxıstandan daha yaxşı və səviyyəli kollektivdirlər. Albaniya ilə matçda millimiz pis oynamasa da, futbolçular çox yorğun görünürdülər. Bu da başadüşüləndir. Ağır mövsüm yeni qurtarıb və belə oyunlara motivasiyalı çıxmaq çox çətindir. Üstəlik, aparıcı futbolçuların öz klublarında daim oynamaması da öz mənfi təsiri göstərdi. Qazaxıstanla qarşılaşmada isə millimiz gözəl oyun göstərdi. Gücümüzə uyğun rəqiblə oyunlar futbolçularımıza əlavə stimul verir, həm də mövsümün axırıncı matçında uşaqlar həm özlərini, həm də azarkeşləri sevindirmək istəyirdilər. Gözəl, bolqollu oyun alındı. Millimiz xarakter göstərərək əzmkar qələbə qazandı. Ümid edirəm ki, Millətlər Liqasında məhz bu cür milli görəcəyik.
  • Millimiz son yoldaşlıq görüşlərində hücumda əla təsir bağışladığı halda, müdafiədə boşluqlar buraxırdı, fərdi səhvlər edirdi. Bunu nə ilə əlaqələndirərdiniz?
  • Razıyam, 2 oyuna 5 qolun buraxılması müdafiədə boşluqlar olduğundan xəbər verir. Düşünürəm ki, ilk növbədə sezonun yorğunluğu öz sözünü dedi. Bir də buraxılan qollardan çoxu individual səhvlərdən, adi diqqətsizlikdən və lazımi konsentrasiyanın olmamasından gəldi. Komanda şəklində hücuma sürətli çıxsaq da, müdafiəyə keçidlərdə problemlərimiz vardı. Bu da başadüşüləndir, hesabda geridə olan komanda hücuma atılır və müdafiəyə tam diqqət yetirmir. Qazaxıstanla oyunda hesab 1:2 olarkən qazaxlar çox təhlükəli 2-3 əks-hücum qurdular. Düşünürəm ki, millimiz bu məsələdə daha diqqətli olmalıdır.
  • Emin Mahmudov millidə qollarının sayını 14-ə çatdıraraq Qurban Qurbanovun 20 illik rekordunu təkrarladı…
  • İdmanda rekordlar qırılır, bu da idmana əlavə maraq verir. Futbolda da rekordlar var və bu rekordları keçmək istəyən futbolçular var. Rekordlar da bir motivasiya, stimuldur. Eminə görə çox sevinirəm. Qurban Qurbanovun rekordunu keçmək üçün daha çox işləyəcək, daha istəkli olacaq, bu da millimizə xeyir verəcək. Ümid edirəm ki, bir neçə ildən sonrə kimsə həm Qurban Qurbanovun, həm də Eminin rekordunu da keçəcək.
  • Fernandu Santuşun millimizin baş məşqçisi postuna gətirilməsini necə qarşıladınız? Portuqaliyalı mütəxəssis yığmamızla uğur qazana biləcək?
  • Maraqlı təyinatdır. Nə qədər uğurlu olacağını zaman göstərəcək. Amma deyə bilərəm ki, Santuş çox təcrübəlidir. Əsas odur ki, vaxtilə çempionları yetişdirib. Bu insan öz şəxsiyyəti ilə futbolçulara və ümumi futbolumuza böyük təkan verə bilər. Vaxtilə Berti Foqs futbolumuzda çox şeyi, əsasən də futbola yanaşmamızı dəyişdi. Foqsun vaxtında hər şey yeni başlayırdı. İndi isə artıq Azərbaycan futbolunda müəyyən fundament var. Ümid edək ki, Santuş bu özülün üstündə futbolumuzun gözəl gələcəyini tikə biləcək.
  • Gürcüstan yığması hazırda AÇ-2024-dədir. Nəvaxtsa Azərbaycan millisini də belə böyük turnirlərdə görə biləcəyik? Bunun üçün hansı addımlar atılmalıdır?
  • Ümid və məqsəd olmasa, heç nə alınmayacaq. Ümid önəmli bir şeydir. Ümid məqsədə çatmaq üçün əlavə güc verir və sən səhərdən axşama kimi işləyirsən ki, məqsədə doğru irəliləyəsən. Amma o da hələ demək deyil ki, sən məqsədə çatacaqsən, heç kim buna zəmanət vermir. Sadəcə, ümidli olanda sənin məqsədə çatmaq üçün şansların artır. Ona görə demək istəyirəm ki, nə olur-olsun, ümidli olaq. İnşallah, məqsədimizə çatacağımız gün gələcək. Bunun üçün hazırda etdiyimizin 10 qatını, 100 qatını etməliyik, futboldan başqa heç nə düşünməməliyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp