“Kəpəz”dən ayrılan gürcüstanlı futbolçu Mate Kvirkviyanın futbolinfo.az saytına müsahibəsi

  • “Kəpəz”dən nə üçün ayrıldınız? Klub sizinlə əməkdaşlığı davam etdirmək istəmədi, yoxsa özünüz belə qərar verdiniz?
  • – Mövsüm bitəndən sonra “Kəpəz”dən heç kim mənimlə yeni müqavilənin imzalanması üçün əlaqə saxlamadı. Həmin anda Kipr çempionatında çıxış edən “Karmiotissa” klubundan təklif aldım. Düşünməyə vaxtım yox idi. Buna görə də Kiprdən gələn təklifə “hə” dedim və 2 illik müqaviləyə qol çəkdim.
  • “Kəpəz” rəhbərliyi sizə yeni müqavilə təklif etsəydi, yəqin ki, qalacaqdınız…
  • – “Kəpəz”in maddi durumu stabil olsaydı, yüz faiz heç yerə getməyəcəkdim. Söhbət yüksək maaşdan getmir. Mən “Kəpəz”də az məvacib almağa da razı idim. Sadəcə, maddi stabillik çatışmırdı və bu, ürəyimcə deyildi.
  • Bəs Azərbaycanın digər klublarından sizi heyətində görmək istəyən olmadı?
  • – Açığı, Azərbaycanın başqa klubundan təklif gəlmişdi, amma razılıq vermədim.
  • Söhbət hansı klubumuzdan gedir?
  • – “Sumqayıt”dan.
  • – Karyeranızı nə üçün “Sumqayıt”da davam etdirmək istəmədiniz?
  • – Mənim üçün maraqlı təklif deyildi.
  • – Azərbaycandakı karyeranızı necə qiymətləndirirsiniz? Sizcə, ölkəmizdə özünüzü yaxşı tərəfdən göstərə bildiniz?
  • – Hesab edirəm ki, Azərbaycandakı karyeram uğurlu alındı. Meydanda sözümü deməyi, “Kəpəz”də adımdan söz etdirməyi bacardım. Gəncədə məni daim xatırlayacaqlar.
  • – Azərbaycan Premyer Liqasının səviyyəsi necədir? Gələcəkdə yenidən ölkəmizdə futbol oynamaq istərdiniz?
  • – Azərbaycan Premyer Liqası yetərincə səviyyəli çempionatdır. Bunu son mövsüm bir daha təsdiqlədi. Avrokuboklara düşmək uğrunda sonadək bir neçə komanda arasında gərgin mübarizə getdi. Nəvaxtsa Azərbaycana qayıdacağıma ümid edirəm.
  • – Necə düşünürsünüz, sponsor tapa bilməyən “Kəpəz” növbəti mövsümdə daha uğurlu çıxış edə biləcək?
  • – Səmimi qəlbdən “Kəpəz”ə növbəti mövsümdə uğurlar arzulayıram. Keçmiş komanda yoldaşlarıma inanıram. Komandaya yeni futbolçular cəlb ediləcək. Birlikdə daha yaxşı nəticəyə imza atmalarını istəyirəm.
  • – Axı ötən mövsüm “Kəpəz”in əsas heyət üzvü olmuş futbolçular bir-bir Gəncə klubunu tərk edirlər. Bu, komandaya mənfi təsir göstərməyəcək?
  • – Razıyam, bizim gedişimiz “Kəpəz”ə güclü zərbə oldu. Bununla belə, yeni gələnlərin bizi layiqincə əvəz edəcəyinə inanıram.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp