Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanovun futbolinfo.az saytına müsahibəsi
– Hazırda harada yaşayırsınız? Futbol sahəsində çalışırsınızmı?
– Ukraynada yaşayıram. Hazırda burada futbol o qədər də aktual deyil, çünki müharibə davam edir. Müharibə bitməyənədək futbol sahəsində çalışmaq çox çətindir.
– Bəs futbolsuz qalmaq sizin üçün çətin deyil?
– Çətindir. Amma nə edə bilərəm?!
– Azərbaycan futbolunu izləmək imkanınız olur? Futbolumuzda nə kimi dəyişikliklər baş verib?
– Bəzən çempionat oyunlarına baxıram. Fikrimcə, fərq var. Mən oynadığım dövrlə müqayisədə Azərbaycan futbolu geriləyib. Əvvəlki illərdə sərgilənən futbol indi yoxdur.
– Bunu “Qarabağ”ın asanlıqla Azərbaycan çempionu olması ilə əlaqələndirirsiniz?
– Bəli. Təkcə “Qarabağ” yüksək səviyyəli oyun nümayiş etdirir. Digərləri haqda eyni sözləri demək olmur.
– Uzun illər formasını geyindiyiniz Azərbaycan yığma komandasını bundan sonra Fernandu Santuş çalışdıracaq. Sizcə, portuqaliyalı mütəxəssis millimizlə uğur qazana biləcək?
– Azərbaycan millisinin oyunlarını izləyirəm. Yığma oyun baxımından pis təsir bağışlamır, amma nəticə yoxdur. Bəlkə də yeni məşqçi nələrisə dəyişəcək və bundan sonra nəticə də gələcək.
– Azərbaycan yığmasında müxtəlif məşqçilərin rəhbərliyi altında oynamısınız. Santuş millimiz üçün uğurlu variantdır?
– Düzü, onun iş prinsiplərinə yaxından bələd deyiləm. Əsas odur ki, məşqçi işinə məsuliyyətlə yanaşsın və metodikası azərbaycanlı futbolçulara uyğun gəlsin.
– Əksəriyyət Azərbaycan yığmasını yerli məşqçinin çalışdırmasını daha doğru hesab edirdi. Bu fikirlə razısınız?
– Milliyə müxtəlif vaxtlarda yerli məşqçilər də rəhbərlik edib. Düşünürəm ki, ən uğurlu yerli mütəxəssis Qurban Qurbanovdur. Sadəcə, onun millidə işləməsinə imkan vermədilər.
– Qurban Qurbanova vaxt verilsəydi, yığmada da uğur qazana biləcəkdi?
– Şəxsi fikrim belədir ki, ən azından bundan zəif nəticə olmayacaqdı. Buna əminəm.
– Hazırda bütün diqqətlər AVRO-2024-dədir. Turnir iştirakçılarından olan Ukrayna yığması ilk oyununda Rumıniyaya 0:3 hesabı ilə uduzdu. Sizcə, qrupdan çıxmaq mümkün olacaq?
– Çox istərdim ki, Ukrayna yığması Avropa çempionatında uğurlu çıxış etsin. Ancaq yoldaşlıq matçları və AVRO-2024-ün Rumıniya ilə oyunu göstərdi ki, komandamızın hazırkı vəziyyəti o qədər də yaxşı deyil. Amma ən azından qrupdan çıxmaq lazımdır. Çünki Ukrayna o qədər də güclü qrupa düşməyib. Demək olar ki, qrupdakı bütün komandalar bərabərsəviyyəlidir.
– Necə düşünürsünüz, nəvaxtsa Azərbaycan millisi də Avropa çempionatının final mərhələsinə qatıla biləcək?
– Məncə, qatıla biləcək. Dəqiq nə vaxt baş verəcəyini deyə bilmərəm. Amma istərdim ki, bu, yaxın illərdə baş versin.
FƏRİD