“Sumqayıt” klubunun müdafiəçisi Elvin Bədəlovun futbolinfo.az saytına müsahibəsi

– UEFA Konfrans Liqasındakı ilk rəqibiniz Macarıstanın “Fehervar” klubu oldu. Püşkün nəticəsini “Sumqayıt” üçün uğurlu saymaq olar?

– Bilirdik ki, rəqibdən asılı olmayaraq, kim düşsə, çətin olacaq. Buna görə də püşkün üzərində çox dayanmaq lazım deyil. Bizi çətin oyunlar gözləyir, buna görə də indidən ciddi hazırlaşmaq lazımdır. Məncə, hər şeyi düzgün etsək, “Fehervar”ı keçə bilərik.

– İlk oyunun evdə keçirilməsi sizin lehinizədir, ya əleyhinizə?

– Fikrimcə, ilk matçın evdə olması bizim üçün yaxşıdır. İnanıram ki, Sumqayıtdakı oyun zamanı stadion tam dolu olacaq. Fanatlarımız avrokuboklar üçün darıxıblar. Buna görə də elə ilk oyundaca azarkeşlərimizi sevindirmək istəyirik.

– Ötən mövsüm bitəndən sonra artıq bir neçə futbolçu ilə yollar ayrılıb. Sizcə, onların gedişi “Sumqayıt”ın işini çətinləşdirə bilər?

– Komandadan gedən hər bir futbolçuya uğurlar arzu edirəm. Çox yaxşı kollektivimiz var idi. İnanıram ki, onların yerini tez bir zamanda doldura bilsək, ciddi problem yaşamayacağıq.

– Son mövsümü “Sumqayıt” üçün ümumilikdə necə dəyərləndirirsiniz?

– Mükəmməl sezon keçirdik. Rəqibləri son tura kimi təzyiqdə saxlaya bildik. Sonadək 2-ci yer üçün oynadıq. Məncə, belə “Sumqayıt”ı heç kim gözləmirdi. Maksimumuzdan da artığını etdik. Həqiqətən də bu komandaya alqış düşür.

– “Sumqayıt” Misli Premyer Liqasının növbəti mövsümündə iddiasını bir qədər də artıra bilər?

– Əslində, elə olmalıdır. Amma onu zaman göstərəcək. Bizim işimiz meydanda əlimizdən gələni etməkdir. Hər dəfə daha yaxşı oyun göstərmək, daha yuxarı yerlərdə olmaq istəyirik. Ancaq hər şey bizdən asılı deyil. Bununla belə, daha da inkişaf etməyə çalışmalıyıq.

– Milli komandanın da oyunçusu olaraq, yığmanın baş məşqçisi postuna Fernandu Santuşun gətirilməsini necə qarşıladınız?

– İlk növbədə, yeni məşqçiyə uğurlar arzulayıram. Santuş futbolda tanınmış simadır. İnanıram ki, milli komandamıza xeyir verəcək və yığmamız onun rəhbərliyi altında ilklərə imza atacaq.

– Qonşumuz Gürcüstanın milli komandası hazırda Avropa çempionatında çıxış edir. Sizcə, nəvaxtsa bizim yığma da belə mötəbər turnirlərin final mərhələsinə vəsiqə qazana biləcək?

– Əlbəttə, qazana bilərik. Bu millinin potensialı var. Biz də böyük turnirlərdə iştirak edə bilərik. Sadəcə, daha çox işləmək və inanmaq lazımdır. Onda böyük turnirlərin final mərhələsinə vəsiqə əldə edə biləcəyik, mən buna inanıram.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp