“Sabah” klubunun ispaniyalı müdafiəçisi Con İrasabalın futbolinfo.az saytına müsahibəsi

– UEFA Konfrans Liqasında ilk rəqibiniz İsrail təmsilçisi “Makkabi” (Hayfa) olacaq. Püşkün nəticəsi sizi razı saldı?

– Düzdür, avrokuboklarda zəif rəqib olmur. Amma “Makkabi” bu mərhələdə qarşılaşa biləcəyimiz ən güclü rəqib idi. İstənilən halda, bu komanda ilə oyunlara böyük ambisiya ilə çıxacağıq.

– “Sabah”dan Davit Volkov, Kristian Sebalyos kimi futbolçular ayrıldı. Onların gedişi sizi zəiflədə bilər?

– Hər il olduğu kimi, bəzi oyunçular gəlir, bəziləri isə gedir. Bu, futbolun bir parçasıdır. Aydındır ki, vacib oyunlara kimi heyət tam komplektləşməlidir. Əminəm ki, gücləndirməli olduğumuz mövqelərə keyfiyyətli futbolçular gətiriləcək.

– Hazırkı “Sabah”ın gücü Konfrans Liqasında neçə mərhələ adlamağa çatar?

– Mənim istəyim qrup mərhələsində iştirak etməkdir. Amma hamı bilir ki, burada qarşılaşacağımız rəqiblərin səviyyəsi də böyük rol oynayır. İstənilən halda, təslim olmamaq, sona kimi mübarizə aparmaq lazımdır.

– Son mövsümdə avrokuboklara vəsiqə uğrunda gərgin mübarizənin şahidi olduq. Sizcə, növbəti mövsümdə də eyni hal təkrarlanacaq?

– Son mövsümdə çox çətin oldu. Çünki komandalar arasında fərq olduqca az idi. Növbəti mövsümdə avrokuboklara daha rahat vəsiqə qazanmaq üçün öz üzərimizdə çalışmalı, daha da inkişaf etməliyik.

– “Sabah” növbəti mövsümdə “Qarabağ”la çempionluq mübarizəsi apara bilərmi?

– Məncə, bu barədə danışmaq bir qədər tezdir. İndi yalnız qarşıdakı matçlara köklənməliyik. Çempionatdan öncə bizi Konfrans Liqasında vacib oyunlar gözləyir.

– Azərbaycan Premyer Liqasında öz mövqeyinizdə ən bəyəndiyiniz futbolçu kimdir?

– Öz mövqeyimdə ən yaxşı futbolçu kimi “Qarabağ”ın müdafiəçisi Kevin Medinanın adını çəkə bilərəm. O, çox yaxşı fiziki keyfiyyətlərə malikdir.

– Bəs çempionatımızda sizə ən çox çətinlik yaradan hücumçu kimdir?

– Ən çox problem yaradan hücumçular kimi “Turan Tovuz”un üzvlərini qeyd edə bilərəm.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp