Sərbəst güləş üzrə milli komandamız Göygöl Olimpiya idman kompleksində Fransada təşkil olunacaq Olimpiya Oyunlarına hazırlaşır. Güləşçilərimiz hazırlıq prosesində əsasən fiziki göstərəcilərinin yüksəltməyə çalışırlar. Bunun üçün millimizə yad olmayan və bütün vacib yarışlardan öncə komandamızın gücünə-güc qatan amerikalı məşqçi Mark Alan Filipp pəhləvanlara hazırlıq keçir.

Fiziki məşqlərlə birlikdə taktiki-texniki çalışmalara da yer verilib. Tokio Olimpiadasında ürəkaçan nəticə əldə edə bilməyən sərbəst güləş seçməmiz Fransada güləş azarkeşlərini sevindirməyi düşünür.

Millimizin baş məşqçisi Xetaq Qazyumov hazırlıq prosesini dəyərləndirib: “Olimpiya Oyunlarının ilk təlim-məşq toplanışını keçiririk. Tam heyətlə məşqlərə davam edirik. Qarşıda hələ iki hazırlığımız var. Hazırkı toplanışda biz fiziki dözümlülük və sürət məşqlərini edirik. Bütün güləşçilər döyüşkən ruhdadırlar. Lakin bəzi kiçik zədələrimiz var ki, onları sağaltmağa çalışırıq. Bizim qarşımıza qoyulan tapşırıq maksimum lisenziya əldə etmək idi, bunu da bacardıq. Parisdə 6 çəki dəcərəsində mübarizə aparacağıq. Biz maksimum nəticə qazanmağa köklənən komandayıq və vətənə bacardığımız qədər çox mükafatla qayıdacağıq. Mən öncədən vəd vermirəm ki, hansısa sayda qızıl medal əldə edəcəyik. Biz bütün mükafatlar üçün mübarizə aparacağıq. Çempion olmaq və güləşsevərləri sevindirmək üçün Fransaya yollanacağıq”.

Yığmamız iyunun 26-dək Göygöldə toplanış keçəcək. Komandamız daha sonra Qubada və son olaraq Bakıda Olimpiadaya hazırlaşacaq.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp