“Şamaxı” klubunun albaniyalı yeni transferi Belajdi Pusinin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə “Şamaxı”ya keçidinizdən başlayaq. Seçiminizdə baş məşqçi Ayxan Abbasov faktoru əsas rol oynadı?

– Növbəti mövsümü “Şamaxı”da keçirməyə qərar verdim. Doğru seçim etdiyimi, düzgün qərar verdiyimi düşünürəm. Baş məşqçi faktoru da rol oynadı. Ayxan Abbasovla “Turan Tovuz”da bir yerdə işləmişik. Düşünürəm ki, növbəti mövsümdə Abbasovdan daha çox şey öyrənə və indikindən də güclü futbolçuya çevrilə bilərəm. “Şamaxı” möhkəm, döyüşkən komanda olacaq.

– Bir çox futbolçunun müqavilə müddətini uzadan “Turan Tovuz” yəqin ki, sizə də yeni sözləşmə təklif etmişdi…

– “Turan Tovuz”dakı hər kəsə minnətdaram. Orada oynamaq mənim üçün heyrətamiz təcrübə idi. Sadəcə, daha çox oyun praktikası əldə etmək və komanda üçün daha vacib oyunçuya çevrilmək üçün bu addımı atdım.

– “Şamaxı” Premyer Liqaya dönüşündən sonrakı ilk mövsümündə hansı yerlər uğrunda mübarizə apara bilər?

– Dediyim kimi, “Şamaxı” döyüşkən oyun göstərəcək. Bizi məğlub etmək heç də asan olmayacaq. Bütün oyunlarda sonadək mübarizə aparacağıq.

– Azərbaycanda keçirdiyiniz ilk mövsümü fərdi baxımdan necə dəyərləndirirsiniz? Sizcə, əsl gücünüzü göstərə bildiniz?

– Azərbaycanda ilk sezonumu keçirdiyim üçün xoşbəxtəm. Daha güclü Belajdi görə bilərdiniz. Ümid edirəm ki, növbəti mövsümdə daha artığını edə və tam gücümü göstərə biləcəyəm.

– Misli Premyer Liqasının səviyyəsi tam ürəyinizcədir?

– Azərbaycan Premyer Liqası möhkəm, güclü çempionatdır. Bu liqada çoxlu sayda yaxşı futbolçu çıxış edir. Karyeramı ölkənizdə davam etdirməkdən məmnunam. Azərbaycanda futbol oynamaqdan zövq alıram.

– Azərbaycanda uzun müddət qalmağı planlaşdırırsınız? Çempionatımızda ürəyinizcə olmayan məqamlar hansılardır?

– Bəli, Azərbaycanda uzun illər futbol oynamaq istəyirəm. Burada hər şey ürəyimcədir, məni narazı salan hər hansı bir məqam yoxdur.

– AVRO-2024-də çıxış edən Albaniya yığması ilk oyununda İtaliyaya 1:2 hesabı ilə uduzub, ikinci matçda isə Xorvatiya ilə heç-heçə (2:2) edib. Sizcə, ölkənizin milli komandası turnirdə sürpriz edə biləcək? Avropa çempionatını kənardan seyr etmək sizi üzmür?

– Albaniya millisi Avropa çempionatında yaxşı çıxış edir. Bütün albanların da yığmadan gözlədiyi budur. Biz Albaniya millisini ən güclülərlə müqayisə ediləcək səviyyədə görmək istəyirik. Ümid edirəm ki, Albaniya yaxın gələcəkdə ən güclü yığmalardan biri sayılacaq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp