“Bakı” klubunun formasını geyinmiş moldovalı sabiq müdafiəçi Aleksey Savinovun futbolinfo.az saytına müsahibəsi

– “Petrokub”un baş məşqçisi postundan ayrıldıqdan sonra işsiz günləriniz hələ də davam edir? Bu müddətdə heç təklif almamısınız?

–  Hələlik işsizəm. Bəzi variantlar oldu, ancaq alınmadı. Hazırda yeni təklifləri gözləyirəm.

– Azərbaycandan sizinlə maraqlanan olubmu?

– Açığı, Azərbaycandan hələ mənimlə maraqlanan yoxdur. Ölkənizdən təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm. Azərbaycanda futbol oynamışam, məşqçi kimi də fəaliyyət göstərməyə hazıram.

– Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” I təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Cütün favoriti kimdir?

– Düşünürəm ki, şanslar bərabərdir. Konkret bir komandanı favorit kimi göstərməkdə çətinlik çəkirəm.

– Sizə görə, “Şerif”in və “Zirə”nin üstün tərəfləri hansılardır?

– Məncə, “Zirə”nin ən böyük üstünlüyü müdafiədə inamlı oynaması və komandanın taktiki hazırlığıdır. Rəşad Sadıqov yaxşı müdafiəçi olub və gördüyüm qədərilə, komandası da müdafiədə çox etibarlı çıxış edir. “Zirə” son mövsümdə Azərbaycan çempionatında hamıdan az qol buraxıb. 36 oyunda cəmi 22 qol buraxmaq yüksək nizam-intizamdan və meydanda əla təşkilatlanmış komandadan xəbər verir. Qəribədir ki, “Şerif”in güclü tərəfləri haqda heç nə deyə bilmərəm. Çünki komanda son mövsümdə uğursuz çıxış edib. Hazırda “Şerif”də böyük dəyişikliklər baş verir. Ümid edirəm ki, “Şerif” avrokubok oyunlarına yaxşı hazırlaşa biləcək. Hələ ki, bu komandanın ən böyük üstünlüyü kimi avrokuboklardakı təcrübəsini demək olar.

– “Şerif”in məşqçi və futbolçu heyətinin, həmçinin Moldova futbol ictimaiyyəti və mətbuatının “Zirə”yə yanaşması necədir?

– Açığı, Moldovada “Zirə”ni az adam tanıyır. Təbii ki, yerli azarkeşlər “Şerif”dən qələbə gözləyirlər. Bununla belə, əminəm ki, “Şerif”in məşqçiləri və mütəxəssislər “Zirə”nin güclü, mütəşəkkil komanda olduğunu dərk edirlər. Deməli, “Zirə”yə ciddi rəqib kimi yanaşılacaq.

– “Şerif” avrokuboklarda “Qarabağ”la üz-üzə gəldiyi hallarda həmişə məğlub tərəf olub. Sizcə, Tiraspol klubunun bu uğursuzluğu “Zirə” önündə də davam edəcək?

– Fikrimcə, “Qarabağ”la keçirilmiş oyunlar hazırda heç bir önəm kəsb etmir. Kim daha yaxşı hazırlaşacaqsa, o da qələbə qazanacaq. Əminliklə deyə bilərəm ki, həm “Zirə”, həm də “Şerif” üçün çox çətin sınaq olacaq.

– İlk oyun Moldovada, cavab matçı isə Azərbaycanda keçiriləcək. Bu, daha çox hansı komandanın xeyrinədir?

– Bu, “Zirə”nin xeyrinədir. İlk oyun tanışlıq xarakteri daşıyır. Buna görə də komandalar ehtiyatlı oyuna üstünlük verəcəklər. Bu isə “Zirə”nin lehinə olacaq. Düşünürəm ki, “Zirə” ilk görüşdə müdafiədən oynayacaq. Bakıda keçiriləcək cavab matçında isə komandanızın güclü azarkeş dəstəyi olacaq və təbii ki, “Zirə” evdə daha cəsarətli oyun göstərəcək.

– Komandalar bir-birlərinin ən çox hansı futbolçusuna diqqət yetirməlidirlər?

– Bugünkü gündə “Şerif”in heyətində xüsusi seçilən, lider oyunçu yoxdur. “Zirə” ilə matçadək komandada çox dəyişiklik baş verəcək. “Zirə”nin futbolçularını isə elə də yaxşı tanımıram. Buna görə də bu suala cavab vermək mənim üçün çətindir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp