“Neftçi”nin baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

Futbolinfo.az saytı xəbər verir ki, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.

İstanbul nəhənglərindən “Beşiktaş”ın idarəetmə sistemində çalışmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutub. Həm idman, həm menecment sahələrində təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

Bununla yanaşı, “Neftçi”nin yeni Müşahidə Şurası təsdiqlənib. Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp