“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– “Araz-Naxçıvan”ın yeni müqavilə imzaladığı futbolçular arasında siz də oldunuz. Başqa variantlar da var idi, yoxsa təklif ancaq hazırkı komandanızdan gəldi?

– Ötən mövsüm hələ bitməmişdi, artıq “Araz-Naxçıvan”la danışığımız olmuşdu. Bildirmişdim ki, bu komandanın mənim üçün yeri ayrıdır. “Araz-Naxçıvan” məni futbola qaytardı. Buna görə də Naxçıvan klubunun fikrini bilmədən heç bir komanda ilə danışmaq niyyətim yox idi. Danışıqlarımız rahat keçdi. Başqa təkliflərim olsa da, “Araz-Naxçıvan” qalmağımı istədi, mən də qaldım. İnşallah, bu klubun uğurlarını görmək istəyirəm.

– Ötən mövsüm bitən kimi xeyli sayda futbolçu ilə yollar ayrıldı, əvəzində “Araz-Naxçıvan”a yeni oyunçular gəldilər və bundan sonra da transferlərin davam etdiriləcəyi gözlənilir. Heyətdə böyük dəyişikliklərin olması komandanın işini çətinləşdirməyəcək?

– Bu, hər bir komandada yaşana biləcək haldır. Futbolçular gedirlər, yerlərinə başqaları gəlirlər. Əsas odu ki, dəyişikliklər müsbət təsir etsin. İnşallah, dəyişikliklər hamı üçün xeyirli olsun. Yeni gələnlər də xoş gəliblər. Təki möhkəm kollektiv olaq, yaxşı nəticələr uğrunda mübarizə aparaq. Qarşıya qoyulan hədəflər üçün hamımız əlimizdən gələni etməliyik. Heyətdəki dəyişikliklərin komandaya necə təsir edəcəyini zaman göstərəcək.

– Növbəti mövsümdə “Araz-Naxçıvan” hansı yerlər uğrunda mübarizə aparacaq?

– Hər bir komandanın strategiyası, hədəfi olmalıdır. Bizim hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün mübarizə aparmalıyıq. Həmişə hədəfin maksimum olmalıdır. Mən hər bir işə bu cür motivasiya ilə yanaşıram. Bir işlə məşğul olursansa, maksimuma can atmalısan. Belə olanda insan daha çox inkişaf edir. Hədəfimiz avrokuboklara vəsiqə, hətta ilk “3-lük”də olmaqdır.

– Fərdi baxımdan növbəti mövsümdən gözləntiniz nədir? Oyununuzu daha da yaxşılaşdıraraq yığmaya dəvət alacağınıza inanırsınız?

– Ən çox istəyim milliyə dəvət almaqdır. Bunun baş verəcəyinə ümidliyəm. Yeni mövsümdə oyunumu daha da artıraraq yığmadakı yerimi qazanmaq istəyirəm. Milliyə dəvət alan oyunçuların sırasında olmaq arzusundayam. Əslində, başa çatan mövsümdə də bunun üçün çalışırdım, yığmadan dəvət gözləyirdim, amma qismət olmadı. Hər şey özümdən asılıdır. İnanıram ki, yeni sezonda o hədəfimə çatacağam. Bir də “Araz-Naxçıvan” üçün faydalı olmağı, qollar vurmağı özümdən gözləyirəm. Çalışacağam ki, dediklərimi əməldə də göstərim.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp