Albaniyanın “Eqnatiya” klubunun müdafiəçisi Zamiq Əliyevin futbolinfo.az saytına müsahibəsi

– “Eqnatiya”ya keçidiniz necə alındı? Çoxdan sizinlə maraqlanırdılar, yoxsa danışıqlar ani baş tutdu?

– Menecerim əlaqə saxlayaraq 3-4 klubun mənimlə maraqlandığını söylədi. Onunla məsləhətləşdik. Düşündüm və “Eqnatiya”nın ən yaxşı variant olduğuna qərar verdim. Məni çoxdan izləyirdilər, “Araz-Naxçıvan”la müqaviləmin müddəti başa çatdıqdan sonra isə rəsmi təkliflə çıxış etdilər. Mənə inanıb təklif göndərdikləri üçün klub rəhbərliyinə təşəkkürümü bildirirəm.

– Yeni klubunuzda sizi necə qarşıladılar?

– Çox yaxşı qarşıladılar. Rəhbərlikdən tutmuş futbolçulara kimi – hamısı çox mehriban insanlardır. İsti qarşılananda doğru seçim etdiyimi anladım.

– İlk dəfə legioner həyatı yaşadığınız üçün həyəcanlısınız?

– Bəli, yeni gələndə həyəcan var idi. Məşqlərə başladıqdan sonra isə mənə elə hiss gəldi ki, elə bil, illərdir burada oynayıram. Artıq heç bir həyəcanım qalmayıb.

– Sabiq klubunuz “Araz-Naxçıvan”dan və ya digər klublarımızdan təklifiniz var idi? Sırf “Eqnatiya”nı seçməyinizə nə səbəb oldu?

– Yerli klublardan 3-4 təklif almışdım. Amma Avropada oynamaq arzusunda olmağım və komandanın Çempionlar Liqasına vəsiqə qazanması “Eqnatiya”nı seçməyimdə böyük rol oynadı. Bu klubda olduğum üçün çox xoşbəxtəm.

– Vaxtilə “Eqnatiya”da digər azərbaycanlı futbolçu Vüsal İsgəndərli də oynayıb. Təklif alarkən onunla məsləhətləşdiniz?

– Bəli, danışığımız oldu. Sağ olsun, mənim üçün vacib olan məqamları bildirdi, məsləhətlərini verdi.

– Ölkə xaricində özünüzü yaxşı tərəfdən göstərəcəyinizə inanırsınız?

– Əlbəttə. Özümə çox inanıram. İnanmasaydım, Azərbaycanda qalardım. Amma mən Avropada oynamaq istəyirəm. Daha böyük arzularım var. Onlara çatmaq üçün əlimdən gələni edəcəyəm.

– “Eqnatiya”ya keçidiniz yaxın gələcəkdə əsas milliyə yolunuzu aça bilər?

– Niyə də olmasın?! Albaniyada özümü yaxşı tərəfdən göstərə bilsəm, inanıram ki, miliyə dəvət alacağam. Bunun baş verməsi üçün “Eqnatiya”da əlimdən gələni edəcəyəm. O şərəfli formanı geyinəcəyimə inanıram.

– Adətən azərbaycanlı futbolçuların legioner həyatı qısa çəkir. Ancaq sözlərinizdən belə başa düşmək olar ki, siz Avropada uzun müddət qalmağı planlaşdırırsınız…

– “Eqnatiya” ilə 3 illik müqavilə bağlamışam. İnşallah, hər şey yolunda gedər və Avropada qalmağa davam edərəm. Geri qayıtmaq fikrim yoxdur. Çunki Avropanın böyük klublarında oynamaq arzusundayam.

– Fernandu Santuşun millimizin baş məşqçisi təyin olunmasını necə qarşıladınız? Bu təyinat yığmamıza faydalı olacaq?

– Məncə, faydalı olacaq. Yığmamızın Santuşun rəhbərliyi altında yaxşı nəticələr qazanacağına inanıram. Millimiz üçün xeyirli olsun.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp