“Qəbələ”nin sabiq yarımmüdafiəçisi, 2011-2018-ci illərdə Albaniya yığmasının formasını geyinmiş Sabien Lilayın futbolinfo.az saytına müsahibəsi
– Sabiq komandanız “Qəbələ”nin Premyer Liqanı tərk edərək aşağı liqaya düşəcəyini gözləyirdiniz?
– “Qəbələ”nin Premyer Liqadan düşməsi mənə çox pis təsir etdi. Bu, pis sürpriz oldu. Demək olar ki, mövsümboyu sonuncu pillədə qərarlaşdılar. Bununla belə, düşünürdüm ki, “Qəbələ” vəziyyətdən çıxa biləcək. O cür infrastruktura, gözəl meydançalara malik olan klubun Premyer Liqadan kənarda qalması məyusedicidir.
– Necə düşünürsünüz, “Qəbələ” 1 ildən sonra elitaya qayıda biləcək?
– Bunu demək mənim üçün çətindir. Çünki klub rəhbərliyinin növbəti mövsümdə komandaya nə qədər büdcə ayıracağını bilmirəm. Yəqin ki, I Liqada daha çox gənclərə üstünlük verəcəklər. Ümid edirəm ki, tezliklə “Qəbələ”ni yenidən Premyer Liqada görəcəyik.
– Bu yaxınlarda azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubu ilə müqavilə bağladı. Onu bu keçidə qədər tanıyırdınız? Sizcə, Zamiq Albaniya çempionatında özünü yaxşı tərəfdən göstərə biləcək?
– “Eqnatiya”nın azərbaycanlı futbolçu ilə anlaşdığına dair xəbəri gördüm, amma onu tanımırdım. Ümid edirəm ki, ölkəmizə qısa zamanda uyğunlaşacaq və Albaniyada futbol oynamaqdan həzz alacaq. Albaniya çempionatı Azərbaycan Premyer Liqası ilə eyni səviyyədədir. “Qarabağ”ı bu müqayisəyə aid etmirəm, çünki o klubun səviyyəsi yuxarıdır. Amma digər klublarınız Albaniya təmsilçiləri ilə eyni səviyyədədirlər. Zamiqə legioner həyatının uğurlu alınmasını arzulayıram.
– Həmyerliniz Redon Cica ötən mövsüm “Qarabağ”ın əsas heyətinə düşməkdə çətinlik çəkdi. Musa Qurbanlının da Ağdam klubuna qayıtdığını nəzərə alsaq, Cicanın heyətə düşməsi daha da çətinləşməyəcək?
– Cica “Qarabağ”a keçəndə onun karyerasında böyük addım atacağını düşünürdüm. Çünki millidə oynayırdı, özünü daha da inkişaf etdirməsi lazım idi. Lakin geridə qalan müddətdə Cica əsas heyətdə çox oynamadı. “Qarabağ”ın heyətində güclü futbolçular toplaşıb. Redonun probleminin konkret nə olduğunu bilmirəm. Amma ona uğurlar arzulayıram. Cica üçün əsas heyətdə oynamaq çox önəmlidir. Mən onun futbolçu keyfiyyətlərini bilirəm, səviyyəli oyunçudur. Buna görə də ehtiyatda qalmamalıdır.
– Albaniya yığması Avro-2024-də qrup sonuncusu oldu. Yığma komandanızdan turnirdə daha yaxşı çıxış gözləyirdiniz?
– Albaniya yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etməsi bizi çox sevindirmişdi. Yığmanın oyunlarını maraqla izlədik. İtaliya ilə görüşdə hesabı açan tərəf olsaq da, sonda məğlubiyyətlə üzləşdik. Xorvatiya ilə dramatik keçən matçda əla oyun göstərərək xal qazanmağı bacardıq və buna çox sevindik. İspaniya önündə də uğurlu nəticəyə ümid edirdik, lakin alınmadı. Qrup sonuncusu olduq, amma bu, komandaya böyük təcrübə qazandırdı. Çox çətin qrupa düşmüşdük.
– Azərbaycan yığması da nəvaxtsa Avropa çempionatına vəsiqə qazana biləcək?
– Bunu dəqiq deyə bilmərəm. Amma ümid edirəm ki, Azərbaycanı da yaxın illərdə Avropa çempionatında görəcəyik. Ölkənizdə insanlar futbolu sevirlər. Azərbaycan futboluna böyük sərmayələr qoyulur. İnanıram ki, bir gün tarixi nəticəyə imza atacaqsınız.
FƏRİD