Mahir Emreli yeni mövsümə “Dinamo”da başlamaq istəmir. Millimizin hücumçusu Zaqreb klubundakı durumundan məmnun deyil.

Emreli hazırda özünə Türkiyədə yeni klub axtarır. Ötən il “Konyaspor”da icarədə olmuş hücumçu, bu dəfə daimi əsaslarla oynayacağı komanda tapmaq niyyətindədir. Lakin onun üçün hələlik heç bir rəsmi təklif yoxdur.

“Dinamo”nun prezidenti Velimir Zayeç futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasının forvardı üçün heç bir təklif almadıqlarını deyib: “Mahir Emreli üçün heç bir təklif almamışıq. “Qarabağ” da bizə təklif göndərməyib”.

Mahirin “Dinamo”dan ayrılacağı ilə bağlı xəbərlər dolaşır. Onun “Qarabağ”a dönüşü gözlənilmir. Hazırda ən real təklif Türkiyə klublarından gələ bilər. Amma “Dinamo”nun yüksək məbləğ tələb etməsi üzündən bu, baş tutmur.

26 yaşlı futbolçu 2022-ci ildə “Legiya”dan (Varşava) “Dinamo”ya keçib. Onun xorvatlarla daha iki illik müqaviləsi var.

Shares: