Rövşən Nəcəf AFFA prezidenti olsa da, onu bu quruma yalnız rəsmiyyət bağlayır. Rövnəq Abdullayev kimi o da boz binada iş otağına ehtiyac duymayıb, ölkə futbolunu SOCAR-dan idarə edir.

Bu gün Nəcəfn hakimiyyətə gəlməsinin 3-cü ayı tamam olur. Ötən müddətdə ümid verən heç bir iş görməyb, yalnız Elxan Məmmədovu yamsılamaqla, tez-tez xatırlatmaqla gündəmdə olub. Fərq ondadır ki, Məmmədov AFFA-da əyləşib kadrlarını yerbəyer edirdisə, Nəcəf SOCAR-dan çıxmadan assosiasiyaya kadrlarını yerləşdirir. Və bu təyinatlar futbola yox, məhz Rövşən bəyin özünə xidmətə hesablanıb.

Dünən AFFA-da daha bir təyinat olub. Çoxdan yolu gözlənilən Aysu İbrahimli AFFA-da marketinq işinin başına keçib. “Neftçi”yə də Nəcəfin yanında gedən, indi isə ümumi ölkə futboluna sırınan bu xanımın klubda düz-əməlli bir işini görmədik, yəqin AFFA-da da daha çox komanda üzvü olmağın imtiyazlarından yararlanacaq.

69 yaşlı Fernandu Santuşu nəzərə almasaq, Aysu xanımın təyinatı Rövşən bəyin futbolda atdığı ən səs-küylü addımdır. Portuqaliyalı mütəxəssis zəngin karyerası gündəmə düşməyinə əsas verir, Aysu xanım isə…

Rövşən Nəcəf iş görmədən ayları ötürməklə məşğuldur. O, futboldan bixəbərləri AFFA-ya doldurmaqla inkişafa nail olacağını düşünür. Elxan Məmmədovun marketoloqlar siyasətini Nəcəf bir başqa formada davam etdirir. Baş katib postunu da növbəti əlaltısı üçün vakant saxlayıb. Uzağı 6 ayın tamamında bir işbilməzi ora əyləşdirib bütün səlahiyyəti ona verəcək.

Sərxan Hacıyev, Balakişi Qasımov, Maqsud Adıgözəlov, Qurban Qurbanov kimi islahatları reallaşdıracağına ümid etdiyimiz yeni İcraiyyə Komitəsi üzvləri artıq ofsayddadır. Nəcəf SOCAR-da özü kimi düşünən futboldan bixəbərlərlə AFFA-2 yaradıb və qərarları təkbaşına verir. Ona bu postu məsləhət bilən himayədarı isə hələ prosesə müdaxilə etmir – ya güvənir, ya da səhvini gözləyir…

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp