Mahaçqala “Dinamo”sunun müdafiəçisi Vladimir Kovaçeviç “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev barədə xoş fikirlər səsləndirib.

Futbolinfo.az xəbər verir ki, serbiyalı mərkəz müdafiəçisi Rusiya mətbuatına açıqlamasında sabiq çalışdırıcısının onun karyerasında böyük rol oynadığını bildirib.

Kovaçeviç düzgün müdafiə olunmağı Berdıyevdən öyrəndiyini etiraf edib: “Hacı Hacıyev və Kurban Berdıyev müdafiəni hamıdan yaxşı başa düşən insanlardır. Karyeramda müdafiəni onlardan yaxşı başa düşən mütəxəssis olmayıb. Mənə elə nüanslar dedilər ki, onlarla ünsiyyət qurmazdan əvvəl bu barədə heç bilmirdim. Hərdən düşünürdüm ki, bunu bilmədən necə 31 yaşıma qədər çata bilərəm? Berdıyevlə işlədikdən sonra öz oyunuma başqa gözlə baxıram”.

Qeyd edək ki, Kurban Berdıyev bir neçə gün əvvəl “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb.

Shares: