Avrokuboklarda iştirak edəcək digər klublarımız kimi “Sumqayıt” da hazırda heyətini komplektləşdirməklə məşğuldur. Ancaq “kimyaçılar”da bu proses çox ləng gedir. “Gənclik şəhəri” təmsilçisinin mövsümlərarası fasilədə 4 futbolçu ilə yollarını ayırması normal qəbul edilsə də, hələlik cəmi 1 transferin edilməsi gecikmədən xəbər verir.

İlk ayrılıq Sorqa ilə yaşandı

Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la üz-üzə gələcək “Sumqayıt”ın baş məşqçisi Samir Abasov həmkarları kimi, əvvəlcə komandadan gedəcək oyunçuları müəyyənləşdirdi. Ayrılıq xəbəri ilk çıxan futbolçu isə Erik Sorqa oldu. Estoniyalı hücumçunun “kimyaçılar”la müqaviləsinin müddəti başa çatdı və tərəflər arasında yeni sözləşmə imzalanmadı.

Sorqa ötən mövsümün əvvəlindən “Sumqayıt”ın uğurları üçün çalışırdı. Bu müddət ərzində Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda isə 3 matçda meydanda olmuşdu. Sorqa “gənclik şəhəri” təmsilçisində ümumilikdə 7 qol vurmuşdu ki, bir hücumçu üçün bu göstərici o qədər də uğurlu sayıla bilməz. Bu mənada onun gedişi komanda üçün problem yaratmamalıdır. Təbii ki, yerinə daha keyfiyyətli futbolçu gətirmək şərtilə…

Orxanın müqaviləsinə xitam verildi

Növbəti ayrılıq Orxan Sadıqlı ilə yaşandı. Əslində, Sadıqlının gedişi gözlənilmirdi, çünki klubla müqaviləsi başa çatmamışdı. Lakin tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdilər. Görünür, ayrılıq hər iki tərəfin ürəyincə olub. Çünki 31 yaşlı qolkiper ötən mövsüm əsas heyətə düşmək uğrunda rəqabətdə Mehdi Cənnətova uduzurdu. Bu mənada həm Orxanın, həm də “Sumqayıt”ın əməkdaşlığı davam etdirməkdə maraqlı olmaması başadüşüləndir.

Dossoya da gərək duyulmadı

“Sumqayıt”dan ayrılan 3-cü futbolçu Abu Dosso oldu. Fil Dişi Sahilindən olan müdafiəçinin klubla müqaviləsinin müddəti başa çatdı və ona yeni sözləşmə təklif edilmədi. Əslində, 28 yaşlı futbolçu ötən mövsüm ən çox güvənilən oyunçulardan idi. Təsadüfi deyil ki, baş məşqçi Samir Abasov ona çempionatda 29, kubokda isə 3 oyunda şans vermişdi. Sezon ərzində ümumilikdə 32 matçda iştirak edən cinah müdafiəçisi yeni mövsümün planlarında yer almadı. Nəticədə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilən Dosso yola salındı.

Manteka sonuncu olacaq?

Hələlik “Sumqayıt”dan ayrılan sonuncu futbolçu Oktavio Mantekadır. Mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan icarəyə götürülən ispan yarımmüdafiəçinin müqaviləsi başa çatdı və onunla əməkdaşlığın davam etdirilməsi üçün bolqarlarla danışıqlara başlanılmasına lüzum görülmədi. 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 26, Azərbaycan Kubokunda isə 3 oyunda meydana çıxmışdı.

Yayın tək transferi – Rəhim Sadıxov

Gedənlər arasında “Sumqayıt”ı aşkar zəiflədə biləcək oyunçu yoxdur. Problem ondadır ki, yuxarıda da qeyd etdiyimiz kimi, “kimyaçılar” yeni futbolçuları cəlb etməkdə gecikirlər. Hələ ki cəmi 1 transfer edilib. Rəhim Sadıxov 2 illik fasilədən sonra “gənclik şəhəri” təmsilçisinə qayıtdı. “Zirə”yə lazım olmayan yarımmüdafiəçi “Sumqayıt”la 2+1 illik müqaviləyə qol çəkdi.

Sadıxov 2019-2022-ci illərdə “kimyaçılar”da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 27 yaşlı yarımmüdafiəçi bu müddət ərzində bütün turnirlər daxil olmaqla 79 qarşılaşmada meydana çıxıb. O, bu oyunlarda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Sumqayıtlı azarkeşlər tərəfindən sevilən Rəhimin komandaya ikinci gəlişinin uğurlu olub-olmayacağını təxmin etmək çətindir. Sadıxov Azərbaycan futbolu səviyyəsində pis oyunçu deyil. Hazırkı “Sumqayıt”a, klubdakı ab-havaya uyğunlaşması da qısa çəkəcək. Bununla belə, pleymeyker funksiyasının öhdəsindən layiqincə gəlməli, baş məşqçi Samir Abasovun ona olan ümidlərini puç etməməlidir.

“Sumqayıt”ın heyəti ötən mövsümdən kasad idi. Nəzərə alsaq ki, keçən sezondakı futbolçulardan 4-ü yola salınıb və əvəzində cəmi 1 transfer edilib, deməli, heyət daha da kasadlaşıb. Hazırkı qüvvə ilə təmsilçimizin Konfrans Liqasında macarları mübarizədən kənarlaşdıracağı o qədər də inandırıcı görünmür. Ümid edək ki, Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə tez bir zamanda yeni, səviyyəli oyunçular qoşulacaq. Əks halda, “Sumqayıt”ın işi həm avrokuboklarda, həm də Misli Premyer Liqasının növbəti mövsümündə çətin olacaq.

İLQAR AĞAYEV

Shares: