Kurban Berdıyevin “Turan Tovuz”da qazanacağı pulun miqdarı bəlli olub. Təcrübəli mütəxəssis bölgə klubunda işləməyə böyük maliyyə qarşılığında razılıq verib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, 71 yaşlı çalışdırıcı Qərb klubunda bir ilə 850 min avro qazanacaq. O, komandanın Bakıda məşq etməsini, yalnız oyunlar üçün Tovuza yollanmasını da şərt qoyub.

Kiçik büdcəli klubun birdən-birə strategiyasını dəyişməsi avrokuboka yollanmaq istəyi ilə bağlıdır. Çünki təkcə Berdıyevn maaşı ötən il komandanın bütün işçi heyətinin, futbolçu və məşqçilərin cəmi aldığından 200-300 min manat çoxdur.

“Turan Tovuz” rəhbərliyinin maliyyə çətinliyinə görə yerli stadionun qazonunu dəyişməkdən imtina etdiyini də xatırladaq. Təxminən bir milyon manat tapa bilməyən, bunun üçün AFFA-ya minnətçi düşən qərblilərin indi təkcə məşqçiyə 1,5 milyon manat xərcləməsi düşündürücüdür.

Daha bir maraqlı məqam “Turan Tovuz”un baş məşqçisinin Misli Premyer Liqasının digər bir təmsilçisinin rəhbər şəxslərindən birinin vasitəçiliyi ilə gətirilməsidir. Öz klubunun problemlərini unudub Berdıyevin gəlişindən 85 min avro komissiya haqqı alan həmin şəxsin kimliyini də yazacağıq. Sadəcə, bəzi detalları dəqiqləşdirmək lazım gəldiyindən, hələlik səbr etməkdə fayda var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp