“Avropa çempionatının qrupunu birinci sırada tamamyalıb, finala yüksəlmək istəyirik”.
Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycanın basketbol üzrə U-16 millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis Bakıda davam edən təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirib:
“Hazırlıq prosesindən tam olaraq razı qaldım. Oyunçularımız məşqlərdə əllərindən gələni etdilər. Bir sıra yoldaşlıq görüşləri keçirdik. Artıq Bakıda yekun məşqlərimizi tamamlayıb, iyulun 8-də Albaniyaya yola düşəcəyik. Avropa çempionatında qrupdakı rəqiblərimizin gücünü yüksək qiymətləndirirəm. Həm ev sahibi Albaniya, həm də Moldova yaxşı millilərdilər. Avropa çempionatının qrupunu birinci sırada tamamyalıb, finala yüksəlmək istəyirik. Əsas heyətdə yer alacaq basketbolçuları müəyyənləşdirməmişik. Oyundan bir gün öncə keçirəcəyimiz iki məşqdən sonra bu barədə qərar verəcəm. Sonda onu demək istəyirəm ki, basketbolçularımızın gücünə inanırıq və onlarla birlikdə uğur qazanmaq niyyətindəyik”.
Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət millisi iyulun 9-dan 14-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatının C divizionunda iştirak edəcək.