“Kəpəz” klubunun yarımmüdafiəçisi Elmir Tağıyevin futbolinfo.az saytına müsahibəsi
– Ötən mövsüm icarə əsasında çıxış etdiyiniz “Kəpəz” klubu sizi birdəfəlik transfer etdi. “Səbail”ə dönmək variantınız və ya başqa təklifiniz var idi?
– Təkliflər var idi. Sadəcə, ən uyğunu “Kəpəz” olduğu üçün bu komandanı seçdim. Ötən mövsümü Gəncə klubunun heyətində keçirdim. Belə qərara gəldim ki, “Kəpəz”də karyeramı davam etdirim.
– Yay fasiləsində bir neçə aparıcı futbolçu komandanı tərk etdi. Bu amil növbəti mövsümdə “Kəpəz”in işini daha da çətinləşdirməyəcək?
– Düzdür, ötən mövsüm bitəndən sonra aparıcı oyunçular komandadan ayrıldılar. Lakin əvəzolunmaz futbolçu yoxdur. Gedənlərin yerini doldurmaq mümkündür. İnşallah, bu il daha uğurlu çıxış edərik. Bunun üçün əlimizdən gələni etməyə hazırıq.
– Necə düşünürsünüz, gedən futbolçulardan ən çox kimin yeri görünəcək?
– Kiminsə adını çəkmək istəmirəm. Dediyim kimi, əvəzolunmaz oyunçu yoxdur. Hazırda qurulmaqda olan yeni heyətlə də azarkeşlərimizi sevindirməyə çalışacağıq.
– “Kəpəz”dən fərqli olaraq, digər klublar xeyli sayda transfer ediblər. İndiki halda komandanızın gücü növbəti mövsümdə hansı yerlər uğrunda mübarizə aparmağa çatar?
– Edilən transferlərin sayına görə digər klublardan geri qala bilərik. Amma bu, heç nə demək deyil. Hər şeyi zaman göstərəcək. İnşallah, əlimizdən gələnin maksimumunu edib yaxşı nəticələr qazanarıq. Bunu bacaracağımıza inanıram.
– Ötən mövsümü fərdi baxımdan pis keçirmədiniz. Növbəti sezonda özünüzdən gözləntiləriniz nədir?
– Hər bir futbolçu daim inkişafa can atmalıdır. Yerində saymaq olmaz. Mən də çalışacağam ki, növbəti mövsümdə ötən sezondan daha yaxşı çıxış edim.
– Keçən sezon həm avrokuboklara vəsiqə, həm də çempionatda qalmaq uğrunda güclü rəqabətin şahidi olduq. Sizcə, Premyer Liqanın növbəti mövsümündə də eyni hal təkrarlanacaq?
– Razıyam ki, ötən sezon çox rəqabətli keçdi. Azarkeşlər prinsipial oyunlara şahidlik etdilər, komandalar sonadək bir-birləri ilə mübarizə apardılar. Düşünürəm ki, yeni mövsümdə daha maraqlı çempionat izləyəcəyik.
CAVAD