“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si bir futbolçusunu satıb.
Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, gənc oyunçu Yanai Distelfeld karyerasını ölkənin başqa klubunda davam etdirəcək. O, Yerusəlim “Hapoel”inə transfer olunub. Bu keçid “Makkabi”yə 400 min avro qazandırıb. Distelfeld “Hapoel” tarixinin ən bahalı transferi olub.
Ondan başqa, xorvatiyalı müdafiəçi Lorentso Şimiç də “Makkabi”dən ayrılmaq üzrədir. Hayfa klubu yeni transferə yer açmaq üçün əcnəbilərdən birini yola salmalıdır ki, rəhbərlik məhz Şimiçin satışına çalışır.
Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.