“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev əvəzedici komanda ilə keçirilən yoxlama oyununu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis 3:1 hesabı ilə qalib gəldiyi görüşdəki performansdan razılıq bildirib: “Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi. Son iki gündə daha çox məşq keçmişdik. İstəyimiz də yükləmə altında komandanı görmək idi. Onlara nə demişdiksə, hansı tapşırıqları vermişdiksə, meydanda bizə qaytardılar”.
Baxşıyev hələ tam hazır olmadıqlarını etiraf edib: “Hələ tam komplektləşməmişik. Bəzi mövqelər var ki, ora transferlər olacaq. Həmin mövqeləri gücləndirəcək futbolçularla danışıqlar demək olar, yekunlaşıb. Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər. Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətimizə yeni futbolçular qoşulacaq”.
Baş məşqçi yay fasiləsində ən azı daha 3 transferə ehtiyac duyduqlarını sözlərinə əlavə edib: “Mərkəz müdafiəçisinə, oyun qurucuya və hücumçuya ehtiyac var. Yaxın günlərdə komanda tam komplektləşəcək”.