“Sabah”ın yeni transferlərindən olan xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsanın futbolinfo.az saytına müsahibəsi
– “Sabah”a keçidiniz necə alındı? Bu klubu seçməyinizdə təkcə baş məşqçi amili rol oynadı, yoxsa başqa səbəblər də qərarınıza təsir etdi?
– Əvvəla onu deyim ki, bura gəldiyimə görə çox şadam. Şübhəsiz ki, baş məşqçi keçidimdə əsas rollardan birini oynadı. Lakin bununla yanaşı, başqa amillərin də rolu oldu – klubun iddialı olması, çempionatda avrokuboklar üçün mübarizə aparması, Konfrans Liqasında çıxış etməsi və s.
– “Sabah”a gələnə qədər Azərbaycan futbolu, çempionatı haqda nə bilirdiniz, hansı məlumatlara sahib idiniz?
– Düzünü desəm, çox şey bilmirdim. Amma araşdırdıqda yaxşı şeylər eşitdim. Mənə burada liqanın və klubların inkişaf etdiyini bildirdilər. Düşünürəm ki, düzgün seçim etmişəm.
– Komanda yoldaşlarınız sizi necə qarşıladılar? Uyğunlaşma prosesi rahat keçir?
– Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. Qısa müddətdir gəlsəm də, artıq komanda yoldaşlarımla mehriban münasibətim var, yaxşı yola gedirik. Məqsədimiz birdir – qələbə qazanmaq. Fikrimcə, bu, çox mühüm amildir.
– “Sabah” sizinlə 3+1 illik müqavilə imzalayıb. Sözləşmənin uzunmüddətli olması klubun sizə olan etimadının göstəricisidir. Yeni klubunuzda ümidləri doğrulda biləcəksiniz?
– Bu, klubun mənə inandığını göstərir, buna görə çox şadam. Əlimdən gələni edəcəyəm ki, mənə bəslənən etimadı doğuldum. Bunu bacaracağıma inanıram.
– UEFA Konfrans Liqasında sizi “Makkabi” kimi güclü rəqiblə çətin sınaq gözləyir. Şansları necə dəyərləndirirsiniz? “Sabah” rəqibinə sürpriz yaşada bilər?
– Avrokuboklarda hər şey mümkündür. “Makkabi” çətin rəqibdir. Amma düşünürəm ki, həqiqətən yaxşı hazırlaşsaq, iki əla oyun keçirib növbəti mərhələyə adlaya bilərik.
– Artıq neçə ildir ki, Azərbaycan futbolunda “Qarabağ”ın hegemonluğu hökm sürür. Növbəti mövsümdə “Sabah”ın çempionluq mübarizəsi aparmaq şansı nə dərəcədə realdır?
– Mən oyunçuların və klubdakı hər kəsin yeni mövsümün başlamasını səbirsizliklə gözlədiyini müşahidə edirəm. Bütün komanda yoldaşlarımın çempionatda ən yaxşı nəticəni göstərmək üçün əlindən gələni edəcəyinə əminəm. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çatacağıq.
– Buvaxtadək Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarında çıxış etmisiniz. “Sabah”da özünüzü yaxşı tərəfdən göstərə bilsəniz, əsas milliyə yolunuz açılar? Yoxsa Azərbaycanda oynaya-oynaya bunu qeyri-mümkün hesab edirsiniz?
– Həqiqətən də buna ümid edirəm. Sadəcə, yığmaya dəvət almaq üçün yaxşı oynamaq və şansını gözləmək lazımdır. Milli komandada çıxış etmək hər bir futbolçunun arzusudur.
ABBAS