“Neftçi”nin sabiq futbolçusu İqor Mitreski komandanın baş məşqçi postuna Roman Qriqorçukun gətirilməsini dəyərləndirib. Şimali makedoniyalı keçmiş müdafiəçi futbolinfo.az saytına açıqlamasında ukraynalı mütəxəssisi gətirdiyi üçün “Neftçi” rəhbərliyini alqışladığını deyib.
45 yaşlı sabiq müdafiəçinin fikrincə, Qriqorçuk komandaya uyğunlaşmaqda çətinlik çəkməyəcək: “Qriqorçuk Azərbaycan futboluna yaxşı bələddir. Məncə, “Neftçi” rəhbərliyi bu təyinatla doğru addım atdı. “Qəbələ” ilə qazandığı uğurları hər kəs gördü. Yerli futbolçular da Qriqorçukun iş prinsipini bilir. Bu üzdən uyğunlaşmaqda çətinlik çəkməyəcək”.
Mitreski 2024-25 mövsümündə “Neftçi”nin “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacağına isə inanmır: “Uğur qazanmaq üçün Qriqorçuka sərbəst çalışmaq imkanı yaradılmalıdır. O, istədiyi oyunçuları müəyyənləşdirməli və rəhbərlik gətirməyə çalışmalıdır. Çünki güclü komanda formalaşdırmaq zaman tələb edir. Buna görə də birinci mövsümündə mütləq çempionluq tələb etmək doğru olmaz. Çünki “Qarabağ”ın oturuşmuş heyəti və sistemi var. Amma şans versələr, Qriqorçuklu “Neftçi” ikinci mövsümündə daha güclü olacaq”.
Qeyd edək ki, İqor Mitreski 2010-2014-cü illərdə “Neftçi”nin formasını geyinib. O, “ağ-qaralar”la 3 dəfə Premyer Liqanın, 1 dəfə Azərbaycan Kubokunun qalibi olub.