İki həftədən sonra Parisdə Olimpiya Oyunlarına start veriləcək. Olimpiada dedikdə ağla ilk növbədə həvəskar idmançılar və ali ideallar uğrunda mübarizə aparan idmançılar gəlir. Lakin gündən-günə bu düşüncələr puç olur. Olimpiadada iştirak edən atletlərin məqsədlərindən biri də maddi qazanc əldə etməkdir. Onları mənsub olduğu ölkənin bayrağını ucaltmaq kimi qazancları da kifayət qədər düşündürür.

Bir neçə il əvvəl peşəkar və həvəskar idman arasında ciddi fərqlər mövcud idi. Həvəskarlar yalnız hobbi kimi, prosesi sevdiklərinə görə, peşəkarların isə sırf qazanca görə yarışlarda iştirak etdikləri hər kəsə məlum idi.

Ümumiyyətlə, idman hərəkatının başlanğıcında, XIX əsrin sonunda Qərbi Avropada cəmiyyət kəskin şəkildə siniflərə bölünmüşdü. Buna görə də idman iki əks istiqamətdə inkişaf edirdi – zadəganlar arasında istirahət və bədənin fiziki inkişafı məşhur idi, “proletariat” arasında isə idman dinamik bir tamaşa, bir növ sirkə bənzədilirdi.

Təbii ki, aristokratlar kütlənin əyləncəsinə böyük hörmətsizliklə yanaşırdılar. Tənqid, bu şoularda iştirak edən idmançılara da şamil edilirdi. Olimpiya hərəkatının yaradıcılarının fikrincə, bu yolla dolanmaq, gələcəkdə “həvəskar idman növləri” olaraq təyin olunan idmanın yüksək ideallarını əhəmiyyətsizləşdirmək demək idi.

blank

1894-cü ildə zadəganlar sözdən əmələ keçərək Həvəskar Prinsiplərin Öyrənilməsi və Yayılması üzrə Beynəlxalq Konqres keçirdilər. Bu konqresdə Beynəlxalq Olimpiya Komitəsi yaradıldı və Pyer de Kubertenin təklifi ilə Olimpiya Oyunları yenidən bərpa olundu. Bu, sağlam həyat tərzi keçirən və onu təbliğ edən varlı idmançıların özünü ifadə etməsi üçün edilmişdi. Oyunlara, əsasən əsl centlmenlər, idmanı xoş hobbi kimi qəbul edən və heç bir halda stadionda şəxsi zənginləşmə məqsədi güdməyən insanlar dəvət olunurdu. Peşəkarların olimpiya hərəkatına daxil olması qəti qadağan edilmişdi.

Həvəskar, heç vaxt pul mükafatları və ya dəyərli mükafatlar üçün yarışlarda iştirak etməyən, həmçinin peşəkarlarla yarışmayan və üstəlik, məşqçi olmayan idmançı hesab olunurdu. Bir idman növündə peşəkar, digərində isə həvəskar olmaq da qadağan idi.

Peşəkarlığa qarşı mübarizə müxtəlif dərəcədə müvəffəqiyyətlə aparılırdı. Buna baxmayaraq, 1900-cü ildə Parisdə keçirilən Oyunlarda təşkilatçılar bir sıra idman növlərində çempionlara pul mükafatı ödədilər. Kubertenin və onun tərəfdaşlarının bu məsələ ilə bağlı etirazlarına heç bir reaksiya verilmədi. Bir neçə ildən sonra baron da öz məğlubiyyətini etiraf etdi. Onun sözlərinə görə, olimpizmin dünyada artan populyarlığı əslində vətənpərvər peşəkarlığa səbəb olub. Yəni, idmançılar hazırlaşanda, çıxış edəndə və idman arenasında ölkəsini şöhrətləndirəndə öz dövlətləri hesabına rahat yaşayırlar. Artıq otuzuncu illərdə Kuberten mütləq həvəskarlığın olmadığını, onun yalnız milyonçular üçün qaldığını söyləyirdi.

blank

Ən qabaqcıl ölkələrdə cəmiyyətin sinif bölgüsü əvvəlki rolunu itirməyə başlasa da, BOK rəhbərləri Olimpiya Oyunlarının həvəskar statusundan əl çəkmirdilər. 1952-ci ildən 1972-ci ilə qədər BOK-a rəhbərlik edən Everi Brendej hətta peşəkarları yarışlara buraxmamaq üçün Olimpiadanı keçirməkdən tamamilə imtina etməyə belə hazır idi. 1957-ci ildə BOK-un Sofiyada keçirilən sessiyasında həvəskarlara nəinki dəyəri 40 dollardan çox olan pul və ya mükafatlar üçün müsabiqələrdə iştirak etmək, həm də icazəsiz xərclərə görə kompensasiya almaq, bir aydan çox məşq üçün işi tərk etmək qadağan edilmişdi. Lakin bütün bu ciddiyyətlərə baxmayaraq, qadağa əsasən formal xarakter daşıyırdı. Bir çox ölkələr tərəfindən qaydalara əməl edilmirdi. Xüsusilə də SSRİ-də olimpiyaçılar fabrik və müəssisələrdə qeydiyyata alınır, orada yalnız formal olaraq maaş alırdılar, əslində isə həyatlarını tamamilə yarışlara hazırlığa həsr edirdilər.

1972 və 1976-cı illərdə kanadalılar MHL peşəkarlarının oraya buraxılmamasına, lakin sosialist ölkələrindən olan psevdo həvəskarların oynamasına icazə verilməsinə etiraz olaraq Olimpiadanı boykot etdilər. Eyni zamanda, Qərb ölkələrindən olan bir çox olimpiya iştirakçıları da həvəskarlar üçün tələblərə cavab vermir, müxtəlif təqaüdlər və subsidiyalar alır, reklamdan pul qazanırdılar.

1980-ci ildə Xuan Antonio Samarançın BOK prezidenti seçilməsi ilə olimpizm nəhayət irəliləməyə başladı. BOK özünü həvəskarlıq ideallarından ədalətli oyun qaydalarına uyğunluğa yönləndirərək, statusundan asılı olmayaraq, ən yaxşı idmançıların Oyunlarda iştirak etməli olduğunu aydınlaşdırdı. Səksəninci illərin sonu və doxsanıncı illərin əvvəllərində peşəkar tennisçilərin, basketbolçuların, hokkeyçilərin və futbolçuların Olimpiya yarışlarında iştirakına icazə verildi və fiqurlu konkisürənlərin peşəkarlardan həvəskarlara keçməsi qaydaları yüngülləşdirildi.

blank

Ümumiyyətlə, olimpiya idman növlərindən həvəskarlar və peşəkarlar arasında dəqiq bölünmə indi yalnız fiqurlu konkisürmə və boksda qalır. Oradakı bölgü isə gəlirə münasibət prinsipinə əsaslanmadan, təşkilati ambisiyalara görə baş verir. Artıq Olimpiya Oyunları nəhəng bir ticarət müəssisəsinə çevrilib və idmanın ən yüksək səviyyəsində həvəskarlıq ideyası ölüb. Bu isə bir daha pulun ideallardan daha güclü olduğunun sübutu deməkdir.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Shares: