Amerika kubokunda ikinci finalçının da adına aydınlıq gəlib. Həlledici oyunda Argentinaya Klumbiya rəqib olacaq.

ABŞ-nin Şimali Karolina ştatının Şarlotta şəhərində keçirilən oyun kolumbiyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu ilk hissənin sonunda 30 yaşlı Cefferson Lerma vurub. Birinci hissəyə əlavə edilmiş vaxtda isə “Kristal Pelas”ın bir başqa oyunçusu Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Matçın favoritləri sayılan uruqvaylıların təzyiqinə baxmayaraq, oyunda hesab dəyişməyib. Matçdan sonra isə uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında əlbəyaxa dava düşüb. Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında “Liverpul”un hücumçusu Darvin Nunyes və “Barselona”nın müdafiəçisi Ronald Arauxo olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görüntülənib.

Uruqvay millisinin müdafiəçisi Xose Ximenes bunun futbolçuların ailələrinin təhlükə altında olması ilə əlaqələndirib: “Kolumbiyanın azarkeşləri bütün ailələrimizə təhlükə yaratdılar və mikrofonla danışmağa imkan vermədilər. Bu, fəlakətdir, ailələrimiz təhlükə altında idi. Yeni doğulmuş balaca uşaqları olan əzizlərimizi götürmək üçün tribunalara qalxmalı olduq. Bir dənə də olsun polis yox idi, onlar yarım saatdan sonra getdilər, biz isə özümüzküləri qoruyurduq. Hər oyun ailələrimiz içməyi bacarmayan iki-üç nəfərin ucbatından əziyyət çəkir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp