Formula 1 və FIA 2025-ci il mövsümündə altı sprint yarışının harada keçiriləcəyi ilə bağlı bəyanat yayıb.
Növbəti mövsümdə sprintlər Çin, Mayami, Belçika, Ostin, Braziliya və Qətərdəki mərhələlərdə olacaq. 2024-cü illə müqayisədə əsas dəyişiklik Şpilberq sprintindən imtinadır. Avstriya mərhələsinin əvəzinə 2025-ci ildə sprint Spada keçiriləcək.
“2025-ci ildə Formula 1 çempionatın yaranmasının 75 illiyini qeyd edəcək. Yubiley ilində altı sprint raundları maraqlı traslarda keçiriləcək və azarkeşlərə çoxlu maraqlı dəqiqələr bəxş edəcək”, – deyə FIA prezidenti Mohammed bin Sulayem bildirib.
Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikalidə yeniliklə bağlı fikirlərini bölüşüb: “Sprint Formula 1 üçün böyük uğurdur, ona görə ki, azarkeşlər trasda daha çox yarış və rəqabət izləyirlər. Bunun sübutunu cümə günləri tamaşaçılarımızın artmasında görürük.
2025-ci ildə 75 illik yubileyimizi qeyd etməyə hazırlaşırıq. İrəli baxmaq, yeniliklər etmək və təkmilləşmək lazımdır.
Sprint, çempionatın ənənələrinə hörmətlə yanaşı, idmanımıza yeni elementlərin daxil edilməsinin gözəl nümunəsidir. 2025-ci ildə sprintə ev sahibliyi edəcək altı qran-prinin təşkilatçılarına təşəkkür etmək istəyirəm”.