“Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romaonun futbolinfo.az saytına müsahibəsi

– Ötən mövsüm 3 cəbhədə – Azərbaycan Premyer Liqası, ölkə kuboku və avrokuboklarda mübarizə apardınız və çox ağır sezon keçirdiniz. İstirahət müddətində o yorğunluğu canınızdan tam çıxara və yeni mövsümün hazırlığına gümrah başlaya bilmisiniz?

– Adətən mövsüm bitdikdən sonra istirahət etməyimiz üçün kifayət qədər vaxt olmurdu. Düşünürəm ki, bu dəfə bir neçə gün daha artıq dincələ bildik. Yorğunluğu üstümüzdən ata bildiyimizi düşünürəm. Bir az yeniləndik. Artıq yeni mövsümə hazırıq. Ümid edirəm ki, qarşıda bizi keçənilki ilə müqayisədə daha uğurlu mövsüm gözləyir.

– Avstriya toplanışında buvaxtadək keçirdiyiniz yoxlama matçlarında “Kayzerslautern”ə məğlub olub (1:3), “Viktoriya”ya qalib gəlmisiniz (2:1). Bu görüşlərdə komanda öz oyununun neçə faizini göstərə bilib?

– Keçirdiyimiz ilk yoxlama görüşlərində komanda pis təsir bağışlamadı. Kifayət qədər qol vəziyyəti yarada bildik. İstənilən halda, işimizi faiz nisbəti ilə dəyərləndirmək üçün hələ tezdir. Bununla belə, düşünürəm ki, komanda plan üzrə hərəkət edir. Rəsmi oyunlara qədər ən azı istədiyimiz formaya yaxınlaşa bilərik. Hər şey nəzərdə tutulduğu kimi gedir.

– Bu il əksəriyyət “Qarabağ”ın tarixində ikinci dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanacağına inanır. Tarixi uğuru təkrarlamaq mümkün olacaq?

– Heyətimizə nəzər saldıqda görürük ki, komandanın özəyi saxlanılıb. Demək olar ki, heyətimiz toxunulmaz qalıb. Bu da qitəmiqyaslı yarışlar, böyük turnirlər üçün çox önəmlidir. Düşünürəm ki, keçən il oyunlara yanaşdığımız kimi, yəni həmin diqqət və konsentrasiya ilə yanaşsaq, istəyimizə çata, Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik. Amma hər kəs bilir ki, Çempionlar Liqası qitənin ən nüfuzlu, böyük klub turniridir. Qrupa düşmək üçün 3 çətin mərhələdən keçməliyik. Bununla belə, ümidimizi itirmirik, nikbin yanaşırıq.

– “Qarabağ” həmyerliniz Kadi Borgesin qayıdışı üçün çox çalışdı, ancaq buna nail ola bilmədi. Kadinin transferinin alınmaması sizi və komanda yoldaşlarınızı çox məyus etdi?

– Əlbəttə, Kadinin dönüşü alınsaydı, daha yaxşı olardı. Çünki onun burada keçirdiyi dönəmi hamı xatırlayır. “Qarabağ”da uğurlu trayektoriya cızmışdı. Hər birimiz onu tanıyırıq, o da komandanı tanıyır. Bu üzdən gəlişi gücümüzə güc qatacaqdı, buna şübhəm yoxdur. Amma futbolda belə hallar olur, qayıdışı alınmadı. İstənilən halda, Kadinin verdiyi qərara hörmətlə yanaşmaq lazımdır.

– Əvəzində yəqin ki, Abdullah Zubirin “Qarabağ”da qalmasına çox sevindiniz…

– Mən də buna çox sevindim, komanda yoldaşlarım da. Çünki Zubir “Qarabağ”ın önəmli parçalarından biridir. O cür futbolçunun komandamızda olması həm meydanda, həm də meydandan kənarda bizə inam verir. Bu üzdən Zubirin qərarına çox sevindik.

– “Qarabağ” kimi, digər klublarımız da heyətlərinə əl gəzdirirlər, güclənirlər. Yeni mövsümdə çempionluq planının icrası sizin üçün çətinləşə bilər?

– Azərbaycan Premyer Liqasının hər mövsüm daha çətin keçdiyinin şahidi oluram. “Qarabağ”a gəldiyim gündən bəri çempionat ildən-ilə çətinləşir. Sizin kimi, mən də fikir verirəm ki, komandalar növbəti mövsüm üçün heyətlərini gücləndirirlər, daha iddialı olmağa çalışırlar. Bu mənada, keçən mövsümlə müqayisədə yeni sezonun daha ağır keçəcəyini düşünürəm.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp