“Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter” klublarında oynamış sabiq gürcüstanlı futbolçu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi
– Gürcüstan yığmasının Avro-2024-dəki çıxışını necə qiymətləndirirsiniz? Milli komandanızın qrupdan çıxacağını gözləyirdiniz?
– Olduqca pozitiv qiymətləndirirəm. Yığmamız Avropa çempionatında layiqli çıxış göstərdi və 1/8 finala qədər irəliləməyi bacardı. Bir debütant üçün bu, çox yaxşı nəticədir.
– Gürcüstan millisinin 1/8 finalda uduzduğu ispanlar Avropa çempionatının finalına vəsiqə qazandılar. Əgər 1/8 finalda qarşınıza İspaniya çıxmasaydı, daha da irəli getmək mümkün olardı?
– 1/8 finalda qarşılaşdığımız İspaniya yığması bu turnirin ən yaxşı komandasıdır. Həmin mərhələdə başqa rəqiblə üz-üzə gəlsəydik, qalib gəlib-gəlməyəcəyimizi heç kim deyə bilməz. Amma bu, dəqiqdir ki, önümüzə İspaniya çıxmasaydı, şansımız daha çox olardı.
– Yəqin ki, Gürcüstan millisinin növbəti hədəfi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq olacaq. Yığmanız bunu bacarar?
– Növbəti hədəf, əlbəttə ki, dünya çempionatında oynamaqdır. Əminəm ki, federasiya rəhbərliyi, məşqçilər korpusu və futbolçular bunun üçün əllərindən gələni edəcəklər. Necə olacağını isə zaman göstərəcək.
– Necə düşünürsünüz, nəvaxtsa Azərbaycan yığması da Avropa çempionatında iştirak edəcək?
– Ümid edirəm ki, Azərbaycan da nəvaxtsa bu cür mötəbər turnirə vəsiqə qazanacaq. Səbr etmək və inanmaq lazımdır.
– Keçmiş komandanız “Qarabağ”dan avrokubokların 2023/24 mövsümündə daha uğurlu çıxış gözlənilir. Sizcə, Azərbaycan çempionu tarixində ikinci dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazana biləcək?
– “Qarabağ” Avropa səviyyəli komandadır. Düzdür, Çempionlar Liqasının qrup mərhələsinə düşmək həmişə çətindir. Amma əminəm ki, “Qarabağ” yenidən ÇL-in qrupuna düşmək üçün əlindən gələni əsirgəməyəcək.
– Gürcüstan yığmasının heyətində AÇ-2024-də iştirak edən Luka Quqeşaşvili nə üçün “Qarabağ”da əsas heyət qapıçısına çevrilə bilmədi? Yunanıstan klubuna keçidi onun xeyrinə olacaq?
– Quqeşaşvilinin “Qarabağ”ın əsas qapıçısı ola bilməməsinin səbəbi rəqabət idi. Qapıçılar arasında güclü rəqabət var idi. Andrey Lunyov özünü çox yaxşı göstərdi. O ki qaldı Yunanıstana gedişinə, ona nəyin faydalı olduğunu Luka daha yaxşı bilir. Əsas odur ki, yeni komandasında mütəmadi oynasın, stabillik nümayiş etdirsin.
– Digər keçmiş komandanız “Neftçi”dən yeni mövsümdə nə gözləyirsiniz? Roman Qriqorçukun baş məşqçi təyin edilməsindən sonra “ağ-qaralar” çempionluq mübarizəsi apara biləcəklər?
– “Neftçi”yə Qriqorçukun gətirilməsindən xəbərdaram. Onun məşqçi kimi böyük təcrübəsi var. Üstəlik, uzun müddət Azərbaycanda işləyib. Bu mənada, “Neftçi”nin keçən mövsümlə, ümumiyyətlə, son illərlə müqayisədə daha güclü görünəcəyini və çempionluq uğrunda mübarizə aparacağını düşünürəm.
ABBAS