“Sabah” klubunun xorvatiyalı baş məşqçisi Krunoslav Renduliçin futbolinfo.az saytına müsahibəsi

– Sloveniya toplanışında məşqlərlə yanaşı, yoxlama oyunlarında da futbolçularınızı izləyirsiniz. Hazırlığın gedişatı sizi tam qane edirmi? Toplanışda daha çox nələrə önəm verirsiniz, komandanızın hansı keyfiyyətlərini daha da yaxşılaşdırmağa çalışırsınız?

– Sloveniyada mövsümöncəsi hazırlıq planlaşdırıldığı kimi gedir. Burada yaşayış və məşq üçün çox yaxşı şərait yaradılıb. Bizdə futbolçuların iş və istirahəti üçün lazım olan hər şey var. İndiyədək Sloveniyada iki oyun keçirmişik. Yerli komanda “Koper”ə 1:0 qalib gəldik, Serbiya təmsilçisi “Çukariçki” ilə isə 0:0 hesabı ilə bərabərə qaldıq. Bu oyunlarda bütün futbolçulara şans verdim. Hər iki matçda komandamın performansından razı qaldım. Amma düzəldilməli və inkişaf etdirilməli nüanslar, əlbəttə, var. Biz də o nüansların üzərində çalışırıq.

– Yolları ayırdığınız və komandaya yeni cəlb etdiyiniz futbolçular oldu. Heyətdəki dəyişikliklər “Sabah”a necə təsir edəcək? Yeni gələnlərin kollektivə tam uyğunlaşması üçün nə qədər zaman lazımdır?

– Ümid edirəm ki, onlara uyğunlaşmaq üçün mümkün qədər az vaxt lazım olacaq. Tələblərə nə qədər tez uyğunlaşsalar və istədiyimiz oyunlarını tapsalar, komanda bir o qədər güclü olar. Məşqlərdəki yüksək rəqabət futbolçuların maksimumunu göstərməsinə səbəb olur ki, bu da müsbət haldır.

– Yayda daha neçə transfer planlaşdırılıb? Bundan sonra hansı mövqeləri gücləndirmək istəyirsiniz?

– Hazırda rəhbərlik komandanı gücləndirəcək bəzi variantlar üzərində çalışır. Komandanı gücləndirəcək keyfiyyətli oyunçunun transferi üçün uyğun imkan yaranarsa, əlbəttə, bunu reallaşdırmağa çalışacağıq.

– “Sabah”ı UEFA Konfrans Liqasında “Makkabi” ilə çətin sınaq gözləyir. Rəqibin favorit sayılması sizə əlavə motivasiya verirmi? “Makkabi”ni nəyin hesabına üstələyə bilərsiniz?

– “Makkabi” kimi keyfiyyətli rəqib, əlbəttə ki, bizim üçün böyük motivasiyadır. Avropanın klub yarışlarında oynamaq həm biz məşqçilər, həm də futbolçular və klub üçün böyük çağırışdır. Yaxşı oyunlar və nəticələr klubun reputasiyasını yüksəldir, futbolçuların dəyərini artırır.

– “Makkabi” ilə ilk oyun İsraildə yox, Macarıstanda keçiriləcək. Bu məqamı sizin lehinizə saymaq olar?

– Macarıstanda “Makkabi”yə qarşı oynamağımızın bizim üçün nə dərəcədə üstünlük olduğunu demək çətindir. “Makkabi” çox ciddi klubdur və onlar bir müddətdir vətənlərindən kənarda hazırlaşırlar.

– “Sabah”ın növbəti mövsümdə “Qarabağ”ın hegemonluğuna son qoymaq və çempion olmaq şansı nə qədərdir?

– Hazırda bütün diqqətimizi Konfrans Liqasının təsnifat mərhələsindəki ilk oyunumuza yönəltmişik. Bu, normaldır. Lakin təlim-məşq toplanışı təkcə avrokuboklara yox, həmçinin çempionata daha yaxşı hazırlaşmağımıza hesablanıb. Biz çempionatda uzun illərdir çempion olan “Qarabağ” da daxil olmaqla, bütün rəqiblərimizə hörmətlə yanaşırıq.

ABBAS

Shares: